İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la səfər görüşü öncəsi daha bir ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, komandanın əsas qapıçısı Petr Çex sıradan çıxıb. O, Premyer Liqanın 7-ci turu çərçivəsində ötən gün baş tutan “Uotford”la ev oyununda topu oyuna daxil edərkən zədələnib.

Yerdə qalan çexiyalı qolkiperə tibbi yardım göstərilsə də, bu, fayda verməyib və onun əvəzlənməsi qərara alınıb. Nəticədə Çex ilk hissənin son dəqiqəsində almaniyalı qapıçı Bernd Leno ilə əvəzlənib. 36 yaşlı çexiyalı qapıçının "Qarabağ"la qarşıdakı matçı buraxacağı gözlənilir.

Qeyd edək ki, “Uotford”la görüşün son 10 dəqiqəsində vurduğu 2 qolla 2:0 hesablı qələbə qazanan "Arsenal" "Qarabağ"la oktyabrın 4-də Bakı Olimpiya Stadionunda görüşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp