“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 6-cı turunda “Keşlə”ylə evdə 1:1 hesablı bərabərliyə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis öncə görüşü dəyərləndirib:

– Qələbəyə köklənmişdik. 4-5 gün idi Qəbələdə idik və matça ciddi hazırlaşırdıq. Qapımız qarşısında azsaylı qol vəziyyətləri yaradılır və rəqib bunlardan maksimum istifadə edir. Hələ də bunun qarşısını ala bilmirik. İkinci hsisədə tempi artırdıq. Futbolçuların adına üzülürəm, istəkləri böyükdü. Ancaq bunu nəticəyə çevirə bilmirik. Bunun üçün topu tordan keçirməyimiz lazımdı. "Qara zolaq"dayıq, bu, bizdən hələ də əl çəkmir. Yenə çalışırıq ki, futbolçuları bu psixoloji durumdan çıxaraq.

– "Qəbələ"nin bu uğursuzluğu nə vaxtadək davam edəcək? Bir çarəsi varmı?
– Komandamızın oyun üslubunda inkişaf var. Bunu videoanalizlərlə görürük. Məşqlərdə qol vurmaq üzərində işləyirik. Ancaq bu, daha çox futbolçunun ustalıq səviyyəsindən asılıdı.

– Sizcə, bu gün komandanız 1 xal qazandı, yoxsa 2 xal itirdi?
– 2 xal itirdik. (Sport24)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp