“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ev oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçın ardından öncə bunları söyləyib:
– Çox gərgin oyun keçdi və bunun şahidi oldunuz. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdu.
– Özünüz də qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz. Hücumçu axtarışını davam etdirirsiz?
– Bu barədə düşünmürük. Əlimizin altında olan futbolçulardan istifadə etməyə və irəliyə getməyə çalışacağıq.
– Son nöqtənin qoyula bilməməsinə səbəb nədi?
– Minimal hesabla irəlidə olmaq çox pisdi. Çünki rəqib hər an hesabı bərabərləşdirə bilər. Bunu tələskənliklə əlaqələndirərdim. Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidilər.
– Əfran İsmayılov 82-ci dəqiqədə əvəzlənməsini istədi. Gərgin oyunda təcrübəli futbolçunun əvəzlənməsini istəməsi doğru haldı?
– Burada amillər var. Məsələn, süni meydançalar futbolçuya pis təsir edir. Əfranı başa düşmək lazımdı. Bundan başqa, əlində zədə var idi. Ona görə də onu əvəzləmək məcburiyyətində qaldıq. (Sport24)