“Ehtiyatda oturmağım müvəqqətidir. Növbəti oyunda əsas heyətdə meydana çıxacağam”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Səbail"in və millimizin üzvü Ruslan Qurbanov deyib. 27 yaşlı yarımmüdafiəçi millidə və "Səbail"də ehtiyat oyunçuya çevrilməsindən danışıb:
 
"1-2 oyunluq oynamamağım baş məşqçinin qərarı idi. Ağabala Ramazanovun oyun təcrübəsi az olduğu üçün ona şans verdi. Baş məşqçi hamını yoxlamaq istəyir. Hər bir futbolçu əvəzlənə bilər. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Milli komandaya gəlincə, Malta ilə son oyunda heyətdən kənarda qaldım. Bu da Qurban Qurbanovun qərarı idi. Onun fikirlərinə, qərarlarına hörmət edirəm. Bu, mənim üçün bir siqnal idi. Başa düşdüm ki, nəyisə düzgün etməmişəm. Yəqin ki, bir daha belə şey olmaz".
 
Qurbanov qarşılarına avrokuboklara vəsiqə qazanmaq tapşırığının qoyulduğunu deyib: "Klub rəhbərliyi qarşımıza Avropa Liqasına düşmək vəzifəsi qoymayıb. Görürsünüz ki, çempionatda zəif komanda yoxdur. Hər bir komanda bir-birinə qarşı oynaya bilir. Avrokuboklara vəsiqə qazanmağın çətin olduğunu bilirik. Amma biz də Avropa Liqasında oynamaq istərdik. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq".
 
Ruslan yığmamızın Millətlər Liqasında Farer adaları və Malta ilə oyunların həlledici olacağını vurğulayıb: "Farer adaları və Malta ilə oyunlar həlledici olacaq. Çünki ilk 2 oyunda heç-heçə etmişik. Əgər qrupda birinci yeri tutmaq istəyiriksə, hər iki yığmanı məğlub etməliyik. Ancaq onu deyim ki, Farer adaları çox ciddi rəqibdir. Əvvəl necə olub, o, artıq keçmişdə qalıb. İndi bütün komandalar futbol oynamağı bacarır. Xalqımızı sevindirmək istəyirik. Həqiqətən də ilk iki görüşdəki heç-heçəni ağrı ilə qəbul etdik. Çünki hamı bizə böyük ümid bəsləyirdi. Söz veririk ki, xalqımızın sevinməsi üçün əlimizdən gələni edəcəyik".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp