Dünən AFFA və “Procter&Gamble” şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalandı. Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, millimizin baş məşqçisi Qurban Qurbanov və futbolçular Mahir Mədətovla Ruslan Qurbanov da iştirak etdi.
 
Şirkətin Azərbaycandakı baş direktoru Deger Kurtaslancıoğlu anlaşmanın 2019-cu il dekabrın 31-dək nəzərdə tutulduğunu söylədi, amma planlarından, xərclərindən konkret danışmadı.
 
20 il ərzində P&G Azərbaycanın iqtisadi həyatında həqiqətən də müəyyən yer tutub. İdman tədbirlərində də bu şirkət göz önündə olub. Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında P&G idmançıların yanında olub. Lakin yəqin ki, hələ də bu şirkət hansı sahəyə qədəm basdığını analiz etməyib. Bataqlıq içində olan futboldan, yalnız pul qoparmaq məqsədi güdən AFFA-dan danışırıq.
 
Hər bir uğurlu reklamçı dəstək olduğu sahədə uğur qazanmağa, xərclədiyi pulun qarşılığında təbliğ olunmağa çalışar. Lakin P&G-ı məğlubiyyətlərin, qalmaqalların bol olduğu, perspektivə ümid belə qalmayan futbol çirkabı gözləyir. Səviyyəsiz uşaq liqaları, uğusuz milli komandalar və s. Bütün cəhdlər antireklama çevriləcək, şirkət lağ obyekti olan mövzularda xatırlanacaq. Doğrusu, "Procter&Gamble”ə bunu yaraşdırmazdıq.
 
“Procter&Gamble” “Qarabağ” kimi uğurlu klubla və ya dirçəlməkdə olan, böyük azarkeş kütləsinə sahib “Neftçi”ylə əməkdaşlıq etsəydi, daha məqsədəuyğun olardı. AFFA-yla işbirliyinə imza atmaq isə ziyan qəbzinə qol qoymaq deməkdi.
 
P&G yəqin ki, bu əməkdaşlığa tapşırıqla və ya kiminsə xahişi/göstərişi ilə razılaşıb. Əks halda, belə uğurlu şirkət araşdırmadan futbol bazarına girməzdi. Ortada ciddi uğursuz təcrübələr var və hamısından yalnız pulsovurma maşını olan AFFA, oradakı bir qrup işbaz qazanclı çıxıb. Təkcə “Bakcell” nümunəsini xatırlamaq kifayətdi. Qondarma “Mançester Yunayted Məktəbi”nə illərlə milyonlar səpələndi, qarşılığında heç bir fayda əldə edilmədi, perspektivsizliyi görüb layihədən imtina etdilər. Yeni tərəfdaşı da eyni aqibət gözləyir.
 
“Procter&Gamble” sadəcə, qarmağa düşən yeni qızıl balıqdı. Bir neçə il AFFA-dan olan ovçulardan məharətlə yayınsalar da, nəhayət, ilişdilər.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp