Milli komandamızın qarşıdakı oyunlarında yeni hücumçu görə biləcəyik. 2016-cı ildən yığma komandamızda görünməyən Rüfət Dadaşov növbəti dəfə düşərgəyə dəvət olunacaq.
 
Bu xəbər hələlik rəsmi təsdiqini tapmayıb. Baş məşqçi Qurban Qurbanov bunun mümkünlüyü barədə danışıb, Farer adaları və Malta ilə oyunlar üçün heyətlər açıqlanmadığından dəqiq olan nəsə yoxdu. Lakin aldığımız informasiya məhz Rüfətin dəvət ediləcəyi ilə bağlıdı.
 
Dadaşovun milli komandaya qaytarılması Qurbanov tərəfindən atılacaq əla addımdı. Bu futbolçu Almaniya 3-cü liqasında yaxşı mövsüm keçirir və “Proyssen”in heyətində 10 oyuna 6 qol vurub. Formada olan və özünü göstərən hücumçuya dəvət göndərilməsi alqışlanmalıdı. Bu, fil qulağında yatan digərlərinə də ismarıcdı: oyna, özünü göstər və şans qazan.
 
Qurban bəyin Rüfətə ehtiyacı da var. Ramil Şeydayev “Krılya Sovetov”da ehtiyatda yatır, Rauf Əliyev və Ruslan Qurbanov formada deyil, başqa namizəd yoxdu. Belədə Dadaşov əla alternativ, hətta əsas heyətə layiq biridi. Onu da nəzərə alaq ki, millimiz Qurban Qurbanovun rəhbərliyi altında 8 matça çıxıb və 8 qol vurub. Bu toplardan 5-ə yarımmüdafiəçilər,qalanına arxa xətt oyunçuları imza atıb. İndiyədək hansısa hücumçunun qol vurmaması faktı da Dadaşovu sınamağın vacibliyini göstərir.
 
27 yaşlı Rüfət Bakıda doğulsa da, futbolçu kimi Almaniyada yetişib. O, 2013-cü ildə dəvət aldığı millimizdə 16 oyuna 4 qol vurub. Qətəri bir qolla, ardınca oktyabrın 14-də qarşılaşacağımız Maltanı dublla məyus edən hücumçu, növbəti qolunu Şimali İrlandiya ilə dünya çempionatının seçmə qrup oyununda reallaşdırıb. Berti Foqtsdan sonra yığmamızın baş məşqçisi olan Robert Prosineçki isə heç vaxt bu futbolçuya dəvət göndərməyib.
 
İndi Qurbanov bu hücumçunu yenidən qazanmağa çalışacaq. Həm məcburiyyətdən, həm də obyektivlikdən. Ümid edirik, Rüfət də etimad göstərənləri utandırmayacaq.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp