Heç vaxt şaiyələrə inanmamışam, amma həmişə də onlarda bir həqiqət payı axtarmışam. Vaxtı çatanda baş verən olayla mütləq həmin söz-söhbət arasında əlaqə tapmaq istəmişəm.
 
Ötən həftə “Keşlə”nin Qəbələdə uduzmayacağı haqda proqnozla rastlaşdım. Müxtəlf adamlardan, fərqli izahla… Əksəriyyətin fikri bu idi ki, Zaur Axundov rəhbəri olduğu “Keşlə”nin bu qədər uğursuz çıxışını həzm etməyəcək və mütləq dönüş üçün bir şey fikirləşəcək. Və buna zəif heyətli komandanın, futbolçuların gücü çatmırsa, başqa yolla istəyinə çatacaq.
 
AFFA rəhbərliyi ilə sıx münasibətlər, Müşahidə Şurası komandası amili və s. – bütün bunlara görə “Keşlə” hansısa formada rəqibin favorit olduğu görüşdə “Qəbələ”yə uduzmamalıydı. Və hər şeyi məhz hakimlərin həll edəcəyi iddia olunurdu.
 
İnanmadım, amma matçı izlədikdən sonra həmin iddialar yadıma düşdü, hətta “deməmişmiydim” ismarıcını aldıqdan sonra oyundakı epizodları bir daha nəzərdən keçirməli oldum.
 
Matçın son dəqiqələri, oyuna əlavə olunan vaxt. Hesab 1:1-di və Ebrima Sohna cərimə meydançasında Rasim Ramaldanovun ayaqlarını yerdən üzür. 5 metrlikdə olan hakim gözü qarşısında olan epizoda reaksiya vermir. Niyə? Rəvan Həmzəzadə bilər. Bəlkə də FIFA referiyiliyinə namizədliyi verildiyi üçün AFFA rəhbərliyinə minnətdarlığını bu cür çatdırır? Axı, güzəşt olunan assosiasiyadan maliyyələşən “Keşlə”, haqqı yeyilən müstəqil, indiki halda yiyəsiz klub təsiri bağışlayan “Qəbələ”di.
 
İlk qolda səhvə yol verən Ramaldanov günahını yumaq üçün hər cür fədakarlıq göstərirdi. Mərkəz müdafiəçisinin həmin anda rəqib cərimə meydançasında peyda olmasının da səbəbi bu idi. Cüssəli Rasimin adi toxunuşla elə yıxılması mümkünsüz idi və o, ümumiyyətlə, simulyant deyil. Sohnanın da fikri topu çıxarmaq idi. Ancaq “Keşlə”nin legioneri o qədər köntöy oynadı ki, topqarışıq rəqib futbolçunun ayağını da qazondan süpürdü.
 
Bu, aşkar penalti idi və Həmzəzadənin şura komandasının lehinə etdiyi qərəzli səhv “Qəbələ”ni 2 xaldan məhrum etdi. Rəvanın növbəti tura təyinat almamasının bir səbəbi də fəxri istirahətə göndərilməsidi.
 
Epizoda dəfələrlə baxmışam. Həmin situasiya “Neftçi”nin və ya “Qarabağ”ın rəqiblərinin cərimə meydançasında olsaydı, mütləq ağ nöqtə göstərilərdi. Meydan sahiblərinə kiçicik simpatiyanın həmişə olduğunu nəzərə alsaq, yenə penalti təyin olunmalıydı. Lakin “Qəbələ” o qədər yiyəsiz təsir bağışlayır ki, fit sahibləri üçün Axundovun zəhmi daha həlledicidi və qonaqlara bu formada 1 xal hədiyyə edildi.
 
“Qəbələ”nin uğursuz çıxış etməsinin bir səbəbi də budur. Ötən mövsümün əvvəlində baş tutan “Qəbələ” – “Zirə” oyununu xatırlayaq. O zaman qonaqların baş məşqçisi Ayxan Abbasova sillə atılmış, qonaq klubun rəhbərliyi səsini çıxarmamışdı. Bu psixoloji yenilgi futbolçuların da beyninə işlədi, onlar qorxaqlığa, başıqapazlı olmağa öyrəşdi və komanda ardıcıl 11 oyun qələbə üzü görmədilər. Sindrom davam edir – ötən 9 ay ərzində “qartallar” cəmi 3 qələbə qazanıb və bu gün də aşkar autsayderdilər.
 
Eyni ssenari “Qəbələ” üçün də keçərlidi. Futbolçular, məşqçilər rəhbərlikdən heç bir dəstək, etiraz görmürlər. Söhbər yalançı səs-küydən getmir, haqlı olduqları, haqlarının yeyildiyi məqamda da arxasız qalıblar. Bu əhval-ruhiyyə ilə növbəti oyunlarda da uğursuzluq qaçılmazdı. Baş məşqçi Sənan Qurbanov qətiyyətsizdi, kapitan Cavid Hüseynov meydançada gəzməklə, azarkeşlərlə dalaşmaqla məşğuldu, rəhbərlik isə futbolu çoxdan unudub. Və belə klub məğlubiyyətlərə məhkumdu.
 
AFFA Hakimlər Komitəsindəki məlum dəyişiklik həm də buna hesalanıb. Zamanla müstəqil klubların bu şəkildə vurulmasını çox görəcəyik. “Qarabağ” çox güclü olduğundan indi onlara toxunulmur, amma çempionluq yarışında onlar da həlledici məqamlarda badalaq alacaq. Hələliksə “Zirə” və “Qəbələ” Müşahidə Şurası olan komandalarla görüşlərdə çox belə sürprizlə qarşılaşacaq.
 
“Qəbələ” rəhbərliyi ayılmalıdı. Ola bilsin, futbol artıq onların marağında deyil, mövsümün sonunu və ya qışı gözləyirlər ki, maliyyəni bir az da azaldıb klubu sıradan iştirakçıya çevirsinlər. Amma bu şəkildə döyülərək futboldan uzaqlaşdırılmaq, hörmətsiz edilmək də onlara yaraşmaz. Hələlik komandanın büdcəsi, təcrübəsi, heyəti ilk “üçlük”də qərarlaşmağa imkan verir. Bu səbəbdən silkələnmək lazımdı. Yox, Tale Heydərov uğursuz kadr kimi yadda qalmaq, Zaur Axundovun zəhmi qarşısında qorxub gizlənmək istəyirsə, özü bilər.
 
Bircə o dəqiqdi ki, son turda hakimlər “Qəbələ”nin haqqını yedi. Klub rəhbərliyinin susması, etiraz etməməsi onların zəifliyini göstərdi. Bu şəkildə idarə olunan komanda elə autsayder olmalıdı. Klubun bilərəkdən dağıdılacağı barədə şaiyələrə də yavaş-yavaş inanmağımız lazımdı.
 
CAVAD
2809b1e4 - Futbolinfo.az
Shares: