-Avstriyalı mütəxəssisin köməkçiləri kim olacaq?
– Buna şəxsən özü qərar verəcək. Növbəti iki həftə ərzində birbaşa fərdi görüşlər keçirəcək. Və özü qərarını açıqlayacaq. Onu da bildirim ki, yeni struktura uyğun olaraq seçilmiş yeni komitə birbaşa İcrayə Komitəsinə və AFFA-nın prezidentinə bağlı olacaq.
Aradan 3 həftə keçib, amma ortada heç nə yoxdu. AFFA-nın baş katibi Elxan Məmmədovun sentyabrın 14-də verdiyi müsahibədən seçdiyimiz dialoq havadan asılı qalıb. İcraiyyə Komitəsində Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olanan Frits Stuxlik komitənin tərkibini açıqlaya bilmir.
Hazırda daxili müharibə gedir. Komitənin formalaşdırılması üçün ciddi namizədlər qalmayıb. Babək Quliyev, Anar Salmanov mətbuatda ifşa olunub, digər sabiq FIFA referilərinin da futboldan hansı formada qovulduğu haqda yazılıb. Ləkəliləri komitəyə salmaq söz-söhbətə səbəb olacaq, Tahir Süleymanov da belə qurumda işləmək istəmədiyini aşkar bildirib, veteran futbolçu və məşqçi kimi komitəyə dəvət alan Arif Əsədov özünə başqa iş tapıb, Vaqif Sadıqov yaxasını kənara çəkir.
Baş katib yuxarı dairələrdən ciddi qulaqburması aldığından kənarda dayanıb, heç nəyə qarışmır. Belə bir durumda faktiki Stuxlik qərib diyarda ortada tək qalıb, komitəni formalaşdıra bilmir, Xaqani Məmmədovun vaxtında işləyənlər məqsədli şəkildə kənarda saxlanılır, daha layiqli namizədlər də yoxdu. Çempionatda səhvlər sıralanır və avstriyalı sədr işə hardan və kiminlə başlayacağına qərar verməkdə çətinlik çəkir.
Qondarma qurum da yaratmaq olmaz, çünki komitə artıq Məmmədovun kurasiyasına keçib və narazılar bundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin yox, katibliyin qapısını döyəcək. Ortaya işlək komitə çıxarmaq lazımdı. Kiminlə? Necə? Xaotik durumdu.
Əslində, belə gedişat gözlənilirdi. Azərbaycan futbolunda normal işləyən 2 komitə var idi. Və heç bir problem olmadan onlar dağıdıldı, əvəzində vahid komitə yaradıldı. Qaşınmayan yerdən qan çıxaranlar indi bunun əziyyətini çəkir. Zaman gedir, addım atılmır, atmaq da çox çətin olacaq.
FƏRİD