Uşaq liqaları başladı, yenə problem çoxaldı. AFFA-nın bayrağı altında keçirilən müxtəlif çempionatlarda o qədər qüsur üzə çıxır ki, sadalamaqla bitməz.
 
Assosiasiyanın təşkilatçılıqla bağlı axsaqlığı çoxdan məlumdu. Amma marketoloqların idarə etdiyi uşaq futbolunun durumu daha faciəvidi. Səriştəsizlər dəstəsi yenə say düzəltməklə məşğul olub və elə ilk turlardan qüsurlar üzə çıxır.
 
U-14 Liqasında “Qazax Gəncləri” – “Şəmkir Gİİ UGİM” matçında “Şəmkir Gİİ UGİM” klubunun heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında “UGİM Göy Göl”  – “Arzu UGİM 1” matçında “Arzu UGİM 1” klubunun heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasında “Qoşqar UGİM 2” (Gəncə) – “Təhsil TİM” (Gəncə) matçında “Qoşqar UGİM 2” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Bu, İntizam Komitəsinin son iclasının qərarlarından çıxarışdı. Bismillah etməmiş cəzalar sıralanır.
 
Belə kütləvi limit pozuntuları təkcə klubların problem ola bilməz. Deməli, AFFA işi düzgün qurmayıb, maarifləndirmə işi aparmayıb, nəzarət etməyib. Cəzalandırmaq asandı, əsas məsələ bu pozuntuların ümumiyyətlə, baş verməməsinə çalışmaqdı. Amma marketoloq təşkilatçılar yalnız sənədlə işləyir, ürəkləri meydanda, komandaların yanında, çempionatda deyil.
 
3 texniki məğlubiyyət heç də bütün uşaq liqalarını əhatə etmir. İlk turda bütün oyunlar baş tutmayıb. Hava şəraiti üzündən paytaxtda bir çox yarışlar start götürməyib. “Dalğa Arena” təmirə bağlandığından “Neftçi”nin keçmiş bazasında yarışmalı olan uşaqlar meydana çıxmayıb.
 
Uşaq liqalarında təşkilatçılıqla bağlı daha bir problem sənədləşmə işlərindədi. Müvafiq şöbənin qeydiyyat məsəllərində səriştəsizliyi üzündən xeyli uşaq ilk oyunlarda meydana çıxmayıb. Sifariş edilən uşaqların adını elektron qeydiyyat sisteminə salmaq mümkün olmayıb və bu, komandaların yox, birbaşa AFFA-nın günahıdı. İşləri vaxtında yekunlaşdırmağı bacarmayıblar və qeydiyyat şöbəsinin işəyarıtmazları üzündən planlar pozulub. 140 minlik futbol ailəsinin siyahısını tutanlar adicə komanda üzvlərinin ilk tura çıxmasına şərait yaratmayıblar.
 
Uşaq liqalarında vəziyyət yenə bərbaddı. Bəzi liqalarda pley-offlar qışa kimi yekunlaşacaq və yazdakı final mərhələsi ərəfəsində qüzlərlə uşaq futbolsuz qalacaq. Bu mənzərə ilə biz uşaq futbolunda inkişaf, milli komandalardan nəticə istəyirik. Halbuki bünövrə sağlam deyil.
 
AĞA
Shares: