Ardıcıl 2 tur Saşa Stamenkoviç üçün çox önəmlidi. "Sabah"ın qolkiperi ötən həftə "Qarabağ"a qarşı uğurlu oyun keçirdi. Düzdü, qaytardığı penalti yekun nəticəni dəyişmədi, amma çempionla oyunda o, yenidən cavanlığını xatırlatdı.

Bu həftə Stamenkoviçi daha maraqlı oyun gözləyir. Elə həmin "Qarabağ"la oyunlarda "Neftçi"nin vazkeçilməzi olmuş serb indi doğma klubuna qarşı ilk dəfə forma geyəcək.

Saşa futbolinfo.az sytına müsahibəsində nostalji dolu matçdan danışdı.

– “Qarabağ”la oyun haqqında fikirlərin necədir? Son anda uduzdunuz…
– Bu oyun göstərdi ki, “Sabah” çempiona qarşı oynaya bilər. Yaxşı oyun göstərdik. Sadəcə, bir az nəsə çatmadı. Oyundan razı, nəticədən narazıyıq. “Qarabağ”a da “Arsenal”la matçda uğurlar arzu edirəm.

– “Sabah”ın çempionatda hədəfi nədi?
– Düşünsəydim ki, bu komanda yaxşı yerlər üçün oynamır, mən burda olmazdım. Hədəfimiz olduğu üçün buradayam. Hər matça final kimi hazırlaşırıq. Bizim yaxşı kollektivimiz var. Gənc futbolçularla yanaşı, təcrübəlilər də var. Hansı ki, təcrübəlilər gənclərə nümunə olmağa çalışır.

– Növbəti oyun sizin üçün daha maraqlı və vacib olacaq. Xüsusən, sən və Erik Ramos üçün…
– Çox şadam ki, növbəti oyunumuz “Neftçi”yə qarşı olacaq. Bizim üçün vacib qarşılaşmadı. Komandamızda “Neftçi”də çıxış etmiş bir neçə futbolçu var. Bunların sayı çoxdu. Düşünürəm ki, mənim iki komanda üz-üzə gələcək. “Neftçi” və “Sabah” mənim üçün eynidi. Azarkeşləri stadiona dəvət edirəm ki, gəlib ən yaxşı olduqlarını bu matçda sübut etsinlər.

– Erik Ramosla bu oyunla bağlı hansısa söhbətiniz olub?
– Əlbəttə ki, söhbətimiz olub. O da bu matçda meydana çıxmağı istəyir.  Ramos oyunu ilə özünü sübut etmiş futbolçudu.

– “Neftçi” azarkeşləri ilə danışırsız?
– Çox şadam ki, “Neftçi” azarkeşləri “Sabah”ın oyunlarına gəlib mənə dəstək olurlar. Onlarla bir şeyi danışırıq ki, “Neftçi” nə vaxt çempion olacaq.

– Bu il mümkündü?
– “Neftçi” hər zaman çempion ola bilər və bunu bacarmalıdı. Bu il birinci olacaqlarını düşünürəm.

AĞA

Shares: