“Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanovun futbolinfo.az saytına müsahibəsi:
– “Keşlə” mövsümün uğursuz komandasıdı, amma siz onlarla oyunda da evdə xal itirdiniz…
– Bəli, biz evdə xal itirdik. Bunu heç kim istəmirdi. Sadəcə, elə bil “qara zolağ”a düşmüşük. Bir qələbə lazımdı. Bundan sonra yaxşıya doğru gedəcək və hər şey geridə qalacaq.
– Ümumi vəziyyət ürəkaçan deyil. Səncə, problem nədədi?
– Bizim oyunumuzda problem yoxdu. Fikrimcə, komanda normal futbol oynayır. Rəqiblərdən qat-qat üstün oynayırıq. Amma top qapıya daxil olmur.
– Vəziyyətin dəyişməsi üçün nə etmək lazımdı?
– Uğur qazanmaq üçün hər şey etməyə çalışırıq. Səbr etmək lazımdı. Yaxşı olacaq.
– “Keşlə” ilə matçda rəqibin qolu zamanı səhvin var idi?
– Bununla razıyam, həmin qolda səhvim var idi.
– Legionerlər də sanki istənilən xeyri vermirlər…
– Onlar mənim komanda yoldaşlarımdı. Heç kimi pisləmək istəmirəm. Düşünürəm ki, legionerlərimiz də qələbə istəyirlər. Ümid edirəm vəziyyət dəyişəcək. Hamımız bir yerdə bu vəziyyətdən çıxacağıq.
– “Keşlə” ilə qarşılaşmanın son dəqiqələrində sənə qarşı qayda pozuntusu olan epizodda penalti var idimi?
– Oyun zamanı da göründü ki, qayda pozuntusu var. Hakim həmin epizodda penalti təyin etməli idi, amma fiti susdu. Nəyə görə penalti təyin etmədi, bilmirəm.
– Amma siz də çox etiraz etmədiniz…
-Guya ki, xeyri olacaqdı? Qərar onsuz da verilmişdi.