UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Şerif” (Moldova) oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyunun çətin olacağını bilirdik. Rəqib köklü, yaxşı komandadır. “Şerif”i yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqibimiz səfər matçında əks-hücum futbolu oynayacaq. Buna baxmayaraq, bir diqqətsizlik moldovalıların hesabı açması ilə nəticələndi. Buraxılan qoldan sonra futbolçularımız ruhdan düşməyib, sonadək mübarizə apardı. Duel iki oyundan ibarətdir. Çalışacağıq ki, səfərdə sərfəli nəticə əldə edək. Mərkəzlə müdafiəni yara bilməyəndə cinahlarla bunu etməyə çalışdıq. Rəqibin təhlili zamanı görmüşdüm ki, ucaboy mərkəz müdafiəçiləri cinah hücumları zamanı səhvlər buraxır. Bu üzdən oyunumuzu belə qurmuşduq. İlk yarıda zəif oynadığımızı düşünmürəm. Bir səhv buraxdıq ki, rəqib də bundan yararlandı. Fasilədən sonra təzyiqi artırdıq, hesabı bərabərləşdirdik. Daha bir, hətta iki qol vura bilərdik. Lakin oyunçularımızda təcrübə çatmadı. Komandamızın hər iki hissədəki oyunundan razı qaldım. Artıq rəqibi daha yaxşı tanıdığımızdan səfərdə asan olacaq. Rəqib meydanında bizə qələbə lazım olduğundan ikinci hissədəki tempdə oynayacağıq. Komandamızda yetərincə potensiallı futbolçular var. Mərhələ keçəcəyimizə inanıram. Səfər matçı fərqli olacaq. Tiraspolda da məqsədimiz qələbə qazanmaqdır”.