“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “Qarabağ”la oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ilə debüt matçına çıxan mütəxəssis 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
– Bacardığımız qədər çalışdıq ki, müdafiədə səhvsiz oynayaq. İlk hissədə istədiyimiz oyunu oynadıq. Daha yaxşı oyunumuzu komanda qol buraxdıqdan sonra göstərdik. Komandam mübarizə aparmağı bacardı. Qarşıda 5 tur var. "Qarabağ"dan 1 xal aldıq. Ədalətli nəticə idi. Qalib gəlmək istərdik, amma 1 xal da, 1 xaldı. Çalışacağıq növbəti oyunlarda daha yaxşı olaq.
– "Keşlə" – "Neftçi" matçı sizin üçün ikiqat motivasiya olacaqmı?
– Qarşıda bizi 19 tur gözləyir. Futbol belədi, bir gün orda, bir gün də burda. İntiqam haqda düşünmürəm.
– Bu oyunu özünüz üçün uğurlu start hesab edirsizmi?
– 3 xal olsaydı, uğurlu olardı. Startımın uğursuz olduğunu düşünmürəm. Hər birimiz işə başlayanda, məşqçi işi sonda bilinir. İstədiyimi futbolçulara çatdıra bildim.
– Qoldan sonra dördlü müdafiəyə keçdiz. "Qarabağ"ın üzərinizə daha çox gələcəyini düşünürdüzmü?
– Dördlü müdafiəyə keçmədik. Sadəcə, futbolçular arasında yerdəyişmə etdim.
– Qırmızı vərəqə olan epizodda narazılığınız var idi. Bu, hakimə idi, yoxsa futbolçuya?
– Xeyr. Hakim qırmızə vərəqə göstərəndə artıq geri qaytarmaq olmur. Buna görə etiraz bildirməyə dəyməz.
– Komandada çatışmayan cəhətlər nə idi?
– Çox şey var idi. Qol epizodlarının az olması, komandanın topa az sahib olması əsas çatışmazlıqlardı. Bunlar da zamanla düzələcək. Ən əsas narahatlıq komandanın az qol epizodu yaratmasıdı.
– Samirin növbəti oyunda olmamaı sizin üçün narahatlıq yaradırmı?
– İtirilən hər bir futbolçu narahatlıq yaradır. Əlimizdə olan futbolçulardan istifadə edəcəyik.
– "Neftçi" ilə oyun haqda nə düşünürsüz?
– Rəqibi öz silahı ilə vurmaq lazımdı. Oyunu təhlil edəcəyik. Bu oyundan daha maraqlı matç görəcəyinizə ümid edirəm.
– Komanda əsas hücumları cinahlardan asmalarla edilirdi. Vaqif Cavadovu oyuna daxil etməməyinizə səbəb nə idi?
– Futbolda qolların 90 faizi cinahlardan gələn hücumlarla vurulur. Vaqif topa sahib olan futbolçudu. Ancaq bu, "Qarabağ"a qarşı oyunda bizim üçün çətinlik yaradardı.
– Elnur Cəfərov komanda ilə birlikdədirmi?
– Əvəzedicilərlə birlikdədi. Sabah oyunları var. Formasını düzəltmək üçün məşqlər edir.
– Qarşınızda komanda Avropa Liqasında çıxış etməlidir deyə, bir məqsəd varmı?
– Klubun prezidenti ilə də söhbət etdik. Hər şey mümkündü. Hədəflərimizə çatmaq üçün çalışacağıq. Kubok oyunlarımız da var qarşıda. Avroliqaya getmək üçün, komandanın potensialı var. Mən də bura bu iş üçün gəlmişəm.
– Müsahibələrinizin birində dincəldiyinizi demişdiz və kimin "quyruğu qapı arasında" qalsa, işləyəcəyinizi demişdiz. İndiki "Keşlə"nin "quyruğu qapı arasındadımı"?
– Belə sözdən istifadə etməmişəm. Sadəcə, dincəldiyimi demişdim. (komanda.az)