Tərlan Əhmədovun haqqını vermək lazımdı. Xarakterinə görə problemli biri olsa da, məşqçi kimi bacarıqsız deyil. Bu gün də “Qarabağ”a qarşı ən düzgün futbolu oynatdı və nəticə əldə etdi.
 
Bu futbolçular Mladen Milinkoviçin də ixtiyarında idi. Amma bugünkü “Keşlə” daha canlı görünür, daha ağıllı oynayırdı. Ya futbolçular serb məşqçiylə anlaşa bilmirdi, ya da məşqçi onları lazım olduğu kimi oynatmırdı. Hər halda, 7-ci turdan təxirə salınan matçda meydan sahibləri mövsümdəki ən yaxşı oyunlarından birini keçirdi.
 
“Qarabağ”da böhran yoxdu. Baxmayaraq ki, ağdamlılar 33 gündən sonra xal qazandı, “Neftçi”dən 5 xal geri düşdü. Uğursuz oyunlar böhranla yox, sırf yorğunluqla bağlıdı. Və komanda dəfələrlə belə vəziyyətlərdən çıxmağı bacarıb. Zədəlilərin çoxluğu da ağır qrafikin nəticəsidi. Millinin oyunlarını, avrokubok matçlarını nəzərə alsaq, futbolçular 2 aydı üç gündən bir meydana çıxır. Belədə axsamalar, sıradan çıxmalar labüddü.
 
Xüsusulə müdafiə xəttində problemlər var. Vəziyyət o qədər ciddidi ki, Qurban Qurbanov mərkəz müdafiəçisi Yakub Jezniçakı məcburiyyətdən solda oynadırdı, bəzən Rəşad Sadıqovla onun yerini dəyişirdi. Tərlan Əhmədov da bundan ustalıqla istifadə etdi – həmin cinahı “yüklədi”, qol da buradan vuruldu. U-21-də Sadıqovun rəhbərliyi altında oynayan Sərtan Taşkının zərbəsi effektli alındı.
 
Bərabərlik qolu daha öncə də vurula bilərdi. Amma Rəşadın geriyə qeyri-dəqiq ötürməsindən sonra topu ələ keçirən rəqib hücumçuya Hannes Halldorsson ustalıqla mane oldu.
 
“Qarabağ” üçün işin pis tərəfi artıq rəqiblərin onların oyununu tam analiz etməsidi. Ağıllı müdafiə oluna bilənlər yorğun ağdamlıları dayandırır. Hücum xəttində rotasiya imkanı yoxdu, səviyyəli forvard qıtlığı var deyə fərdi bacarıqla fərq yaradan da tapılmır. İnnosent Emeqara formada deyil, Abdullah Zubirlə Araz Abdullayev sabit oynamır. Mahir Mədətov da driblinqə həddindən artıq meyl edir, özünü düzəltmək istəmir. Baxmayaraq ki, istedadlıdı və bu üstünlüyü hesab açılanda göründü. Topa yiyələnən kimi ötürmə verdi və Miçel Madeyra toru silkələdi.
 
Əhmədov “Keşlə”də işə uğurlu başladı. Bu xal bəlkə də komandanı autsayderlər sırasından çıxarmaq yolunda atılan ilk addım idi. “Qarabağ” isə qışa kimi hələ əziyyət çəkəcək. 3 avrokubok matçı, kubok oyunları, çempionat matçları öz yerində, əksər oyunçular həm də millinin düşərgəsində 2 vacib qarşılaşmaya çıxmalıdı.
 
Bu yerdə Peşəkar Futbol Liqasını da qınamaq lazımdı. “Keşlə” ilə matçı indiyə salmaq pis təşəbbüsdü, həm kluba, həm də milli komandaya ziyanlıdı. Matç təxirə salınmışdı və onu gələn ilə də saxlamaq olardı. “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmayacağı dəqiqdi. İndiki qrafiki bir az da sıxlaşdırmaq əvəzinə, ölkəni daha yaxşı təmsil etməsi naminə “Qarabağ”ın yükünü azaltmaq olardı. Bu, milli oyunçularının özünə gəlməsi baxımından da vacib idi.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp