“Keşlə” ilə bugünkü oyunda xal itirməsi “Qarabağ”ın azarkeşlərinin xoşuna gəlmədi. Oyundan sonra futbolçuları tribunaya çağıran fanatlar onları alqışlamadı.
İradlarını bildirən azarkeşlərin görüşünə başıaşağı yollanan futbolçular da durumun fərqində idi. Onlar da sakitcə fanatların iradlarını qısa müddət dinlədi. Yalnız kapitan Rəşad Sadıqovun önə çıxmasından sonra iradlarını bitirən azarkeşlər onları alqışlamağı lazım bildi.
Qara Qarayevsə tribunaya bir az da yaxınlaşdı. O, azarkeşlərlə yaxından ünsiyyətdə oldu, yəqin ki, vəziyyəti izah edib, onlardan səbrli olmalarını istədi.