Topaz Premyer Liqasında indiki durum göz önündədi. 8 komandalı çempionat həm rəqabətin zəifləməsinə, həm də milli komandalara futbolçu hazırlığına ciddi təsir göstərib.
 
Komanda sayının azlığının nəticəsidi ki, avrokuboklara vəsiqə qazanmaq üçün ciddi əziyyət çəkilmir. İştirakçıların tən yarısı qitəmiqyaslı turnirlərə gedir. Bu il vəziyyət daha pisdi. “Sabah”ın yaş məsələsinə görə kənarda qalacağını nəzərə alsaq, 7 komandadan 4-ü Avropada olacaq.
 
Təbii ki, belə şəraitdə rəqabətdən, qızğın mübarizədən danışmaq yersizdi. Bu isə milli komandalar oyunçu seçiminə ciddi təsir göstərir. Ortada 30-40 yerli futbolçu var və onlardan 23-25-i millinin düşərgəsinə getməlidi. Belə seçim şəraitində isə uğurdan inkişafdan danışmaq olmur.
 
Artıq yuxarı dairələrdə vəziyyətdən çıxış üçün yollar düşünülür. Xüsusilə milli komandamızın baş məşqçisi Qurban Qurbanovun israrlı tələbi nəzərə alınaraq AFFA komanda sayını artırmağı müzakirə edir. Necə olacağını zaman göstərəcək. Lakin yayda mütləq artım olacaq. Necə? Bax, bu suala cavab tapmaq lazımdı. 
Shares: