“Qarabağ” dünən “Keşlə” ilə oyunda növbəti dəfə xal itirdi. Artiq liderdən 5 xal geri qalan ağdamlılar izləyici rolu ilə barışıb. Amma komandanın legioneri Con Delarj bədbinliyə qapılmaq niyyətində deyil.
 
– Bu gün “Qarabağ” yenə xal itirdi. Nə baş verir?
– Bizim üçün pis gecə idi. “Neftçi”yə məğlubiyyətdən sonra bir də belə heç-heçə oldu. Ümid edirəm ki, bundan sonrakı oyunlarda xallar itirməyəcəyik. İnamım böyükdür ki, yaxında hər şey tamamilə dəyişəcək.
 
– Komandanız son günlərdə uğursuz anlar yaşayır. Bunun səbəbini nədə görürsən?
– Bilirsiz, hər şey Allahdan asılıdır, o nə istəyirsə, elə də olur. Ümumiyyətlə, futbol bu cür oyundur, güclü olsan da, içində məğlubiyyətlər, heç-heçələr və qələbələr var. İndiki halda biz itiririk və pis vəziyyətə düşdük. Amma son məşqimizdə məşqçimiz Qurban Qurbanovun da dediyi kimi, biz bir ailədən daha artığıq və durumdan çıxmalıyıq. Çalışmağa davam etməliyik, irəli baxmalıyıq.
 
– “Qarabağ”a gəldikdən sonra o qədər də çox meydana çıxmırsan. Bu, səni narahat etmir?
– Bu gün əvəzetmədən meydana çıxdım, “Neftçi” ilə matçda 90 dəqiqə meydanda olmuşdum. Ondan öncə isə milli komandanın düşərgəsinə getmişdim və uzaq səfər idi. Liberiyaya qarşı oyunumuz oldu. Yorğunluq da var idi. Digər tərəfdən bizim komanda təkcə məndən ibarət deyil, heyətdə 25 futbolçu var. Məşqçi də bunların hamısından istifadə etməyə çalışır.
 
– Amma “Qarabağ”a transfer olunarkən hamı sənin əsas heyət üzvü olacağını düşünürdü…
– Mən bura gələrkən böyük komandaya keçdiyimi bilirdim. Bura gəldikdən sonra da 2-3 oyunda ardıcıl meydana çıxdım. Düşündüyüm odur ki, məşqçi mənə hər zaman inanır. Dediyim kimi, heyətdə 25 futbolçu var. Nə zaman start heyətdə meydana çıxsam, əlimdən gələni edirəm. “Neftçi”yə qarşı 90 dəqiqə oynadım və uduzduq. Bu oyunda artıq məşqçi taktiki dəyişikliklər etmişdi. Buna ehtiyac var idi. Ona görə də meydanda olmadım.
 
– Avropa Liqasında “Vorskla”ya qarşı səfər oyununuz var. Qalib gələ biləcəksiniz?
– Bundan öncə çempionat haqqında düşünməliyik. Çünki hazırda Premyer Liqada yaxşı vəziyyətdə deyilik. “Neftçi” ilə aramızda 5 xallıq fərq var. Bunu aradan qaldırmaq lazımdır. Ona görə qarşıdakı “Sumqayıt”la matçı düşünürük. Bizim üçün çox vacib qarşılaşmadır. Meydandan 3 xalla ayrılmaq fikrindəyik. Ondan sonra “Vorskla” barədə fikirləşərik.
 
– Avropa Liqasını “Qarabağ” üçün bitmiş saymaq olar?
– Futbolda hər şey mümkündür. Qarşıda 3 oyunumuz var və hamısında qalib gəlsək, 9 xalla qrupdan çıxa bilərik. Futbolda mümkünsüz heç nə yoxdur.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp