“Neftçi”nin yarımmüdafiəçisi Dario Federiko futbolinfo.az saytının suallarını cavablandırıb. Braziliyalı futbolçu ilə ötən gün baş tutan söhbətimizdə o, “Səbail”ə qarşı keçirəcəkləri oyunda da 3 xala hədəfləndiklərini bəyan edib:
– "Zirə" ilə oyunda heç-heçə etdiniz. Nəticəni gözləyirdiniz?
– Yox, bu nəticəni gözləmirdik. Amma bilirdik ki, matç o qədər də asan olmayacaq. Bu səbəbdən gərgin qarşılaşma keçdi.
– "Səbail"ə qarşı oyununuz var…
– Bizi çətin qarşılaşma gözləyir. "Səbail" 3-cü pillədədi və gərgin matç keçəcək. Amma liderliyimizi qorumaq üçün mütləq qalib gəlməliyik. Çempionluğa oynadığımız üçün hər qarşılaşmadan 3 xalla ayrılmalıyıq.
– Demək olar ki, artıq bütün komandalar öz oyununu tapıb. Bu çempionatı gərginləşdirib?
– Hər oyun tamamilə fərqlidi. Bütün komandalar mübarizə aparır. Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışır. Əlbəttə ki, çempionat gərginləşir. Davam etmək, yaxşı hazırlaşmaq və oynamaq lazımdı.
– Milli komandalara görə yaranan fasilə sizə yaxşı təsir etdi?
– Fikrimcə, bu, bütün komandalar üçün yaxşı fürsət idi. Hamı daha çox hazırlaşmağa imkan tapdı.
– Azərbaycan millisinin oyununu izlədinizmi?
– Əlbəttə, izlədim. Amma bu barədə danışmaq istəmirəm.
FƏRİD