Milli komandanın son məğlubiyyəti çox şeyi dəyişib. Millətlər Liqasındakı uğursuzluqdan sonra boşa verilən illər xatırlanır, günahkar axtarılır. Mətbuatı, futbol ictimaiyyətini narahat edən məsələlər, idarəçilikdəki boşluqlar indi daha aktual olub.
Komanda ətrafında, daxilində baş verənlər kifayət qədər qabarıb. Hətta fubolçuların tapşırıqla bilərəkdən zəif oynaması barədə iddialar da gündəmi zəbt edib. Hamı səbəbkar axtarır, ittiham edir. Ən pisi odur ki, söz-söhbətlərə aydınlıq gətirən, nöqtə qoyan yoxdu.
Sanki 2 cəbhə formalaşıb – yığmanın baş məşqçisi Qurban Qurbanovu və AFFA-nın baş katibi Elxan Məmmədovu qınayanlar. Bununla bağlı sorğular keçirilir,sosial şəbəkələrdə müxtəlif kampaniyalar aparılır.
AFFA İcraiyyə Komitəsinin tezliklə reallaşacaq növbəti iclasında hesabatlar veriləcək. Lakin həmin toplantı ictimaiyyət üçün sirr qalacaq, müzakirələrin gedişi gizli saxlanılacaq. Halbuki şəffaf müzakirələrə, açıqlamalara ehtiyac var.
Qurbanovla Məmmədov susur, onların əvəzində mətbuat danışır. Və hamı da öz doğru bildiyini təbliğ edir, əldə etdiyi informasiyanı çatdırır, analiz aparır. Bu iki şəxs əsas simalardı – biri meydanda, digəri idarəetmədə söz sahibidi. Əgər uğursuzluq varsa, deməli, hansısa səhv edib və ya elə əlbir işləməmələrinin əzabını çəkirlər.
Məmmədov ilərdi AFFA-da işləyir, lakin idarəetmədə ciddi səhvlər buraxıb, xüsusilə uşaq futboluna yanaşmada, diqqətdə qüsurludu. Buna görə də hazırda milli üçün kadr ehtiyatı baxımından ciddi sıxıntılar yaşayırıq, ölkədə futbolun kökünə balta çalınıb. Qurbanov isə nəticəyə cavabdeh şəxsdi. Bəli, Kosovo oyunçu potensialına görə bizdən üstündü, amma Malta ilə oyunlara görə o da qınanmalıdı.
Aşkar görünən odur ki, bu iki vacib şəxs arasında səmimi münasibət, sıx işbirliyi yoxdu, kommunikasiya itib. Qarşılıqlı inamsızlıq var, münasibətlər səmimi deyil, lakin bu, komandaya, nəticələrə mənfi təsir göstərməməlidi. Təəssüf ki, göstərir.
Məmmədovla Qurbanov susduqca söz-söhbətlər çoxalır, ictimaiyyət müxtəlif şaiyələrin, iddiaların arxasınca yönəlir. Vəziyyəti aydınlatmaq üçün onların danışması, həqiqətən milli, Azərbaycan futbolu naminə vahid komanda olduqlarını göstərmələri lazımdı. Hər iki şəxsin birlikdə təşkil edəcəyi mətbuat konfransına gərək var. Jurnalistlər qarşısına çıxıb suallara cavab vermək, səhvləri etiraf etmək lazımdı. Kiminsə çox, kiminsə az səhvi ola bilər, ancaq hər iki tərəfin müəyyən yanlış addımlar atdığı dəqiqdi.
Susqunluq, gizlənmək problemi dərinləşdirir, şaiyələrin vüsət almasına şərait yaradır. AFFA-da təcili mətbuat konfransı təşkil edilməli və durum aydınlaşmalıdı. Ola bilsin, Qurbanov “Qarabağ”ın oyunundan sonrakı mətbuat konfransında nələrizə deyəcək, Məmmədov 3-4 jurnalist qarşısında mini-müsahibə verəcək. Amma onların birgə açıqlamasına çox ehtiyac var. Hədəflər, planlar açıqlanmalı, səhvlər etiraf edilməlidi. 0:4 hesabıqyla uduzan, ən zəiflərin yarışında da qrupda qalan millinin idarəçiləri heç nə olmayıbmış kimi davrana bilməz.
Bu iki şəxsi birdəfəlik baltalamaq, siyahıdan silmək də olmaz. Qurbanov son 5 ildə futbolumuzun tarixini yazan adamdı, son illərdən onun adını çıxartsaq, ortada böyük bir boşluq görərik. Məmmədovun isə sayı həddən çox olanlar yanlışlarına rəğmən, futbolda xidmətləri də var. Beynəlxalq futbol qurumları ilə işbirliklərinin qurulmasında, müəyyən layihələrin reallaşmasında baş katibin ciddi rolu olub. İndi səhvləri analiz etmək, günah payını bölüşdürmək və səhvlərdən nəticə çıxararaq daha aydın sabaha, daha real işlərə doğru həqiqi addımlar atmaq lazımdı. Amma rol oynamadan, səmimi…
FƏRİD