Topaz Premyer Liqasının dünən baş tutan “Qarabağ” – “Sabah” matçında epizodların təkrarını izləyə bilmədik. Bu problem ikinci hissədə özünü göstərdi.

Səbəb yayımçı telekanalın müvafiq avadanlıqlarının sıradan çıxmasıdı. Belə ki, oyun zamanı nasazlıq üzə çıxıb və oyun təkrarları göstərilmədən efirə verilib.

AFFA yayım hüququnu bu kanala verərkən tamaşaçıları düşündüyünü iddia edərək bu addımı atmışdı. “CBC Sport” daha yaxşı yayım təşkil etməli idi. Lakin zaman keçdikcə “İdman Azərbaycan”a rəhmət oxuyuruq. Az qala hər gün çəkiliş kameralarının sayı azalır, siqnalın ötürülməsində nöqsanlar sıralanır və hətta epizodların təkrarları da göstərilmir. Telekanalın isə ehtiyat, alternativ variantları yoxdu.

Bu azmış kimi “CBC Sport” hələ də klublara yayım hüququna görə pul ödəmir. Seyfdə saxlanılan həmin pul avadanlıqalara da sərf edilmədiyindən belə problemlər üzə çıxır. Əcəba, qurumun rəhbəri Volkan Üstə 15 min dollar maaş vermək maddi-texniki bazanın yaxşılaşdırılmasından buqədərmi vacibdi?

Shares: