“Zirə” hələ də AFFA-dan soraq gözləyir. Noyabrın 13-də İntizam Komitəsi tərəfindən cəzalanan qəsəbə klubu iki həftədi apellyasiya şikayətinə veriləcək cavabın intizarındadı.
 
Futbolinfo.az xəbər verir ki, “qartallar”ın əvəzedici heyəti I divizionun XI turunun oyununda texniki məğlubiyyət alıb. Noyabrın 9-da baş tutan “Turan Tovuz” – “Zirə-2” matçında qonaqların heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmayıb. Məhz bu səbəbdən meydan sahibləri 3:0 hesablı texniki qələbəylə sevindirilib.
 
“Zirə”nin apellyasiya ərizəsi təqdim etməsi əsaslıdı. Belə ki,sözügedən 3 futbolçuyla bağlı hər hansı qanun pozuntusu yoxdu. Əvvəlki matçlarda da oynamış bu futbolçular komananın əsas heyət üzvləridi. Sadəcə, onların mövcud lisenziya sənədləri vaxtında təqdim olunmayıb. Əvəzində yarışı keçirən Peşəkar Futbol Liqası matçdan öncə klub rəhbərliyinə bu futbolçuların oynaması barədə razılığını verib və heç bir problem olmadığını bildirib.
 
“Zirə-2”nin məşqçiləri razılıq aldıqdan sonra sözügedən futbolçuları oyuna buraxıb. Matçdan sonra isə tovuzlular səs-küy qaldırıb və AFFA-nı texniki məğlubiyyət verməyə məcbur ediblər.
 
Təbii ki, ilk səhlənkarlıq “Zirə” tərəfinindi, lakin onlar vəziyyəti vaxtında nəzarətə götürüb və PFL-ə müraciət edib. Qurumun razılığından sonra oyun bu futbolçuların iştirakı ilə başlayıb. İndi isə zərbə alan “qartallar”dı.
 
Qəribə situasiyadı – AFFA da bir qurum problem olmadığını deyir, digəri cəza verir. Belədə haqsız yerə əziyyət çəkən klubdu. “Zirə” isə durumla barışmır, ədalətin bərpasını istəyir.
 
Bildiyimizə görə, AFFA-da artıq bir dəfə iclas keçirilib və “Zirə”nin günahsız olduğu etiraf olunub. Lakin komandanın texniki məğlubiyyəti ləğv edilməyib. Heç qərarın qüvvədə saxlanması, şikayətin rədd edilməsi ilə bağlı da hansısa məlumat yoxdu. Daha bir iclas keşiriləcəyi və qərarın bu həftə açıqlanacağı gözlənilir.
 
Təbii ki, bu AFFA daxilində nüfuz savaşıdı, kimlərsə PFL-i gözdən salmaq və ya doğru işləmədiyini isbatlamaq istəyir. Amma bunu hansısa klubun üzərindən etmək doğru deyil. “Zirə” başıqapazlı AFFA komandası deyil, rəhbərliyi özünə hörmət edən insanlardı. Onların da səbri tükənə bilər. Məqsəd futbola sərmayə qoyan1-2 sponsoru da küsdürmək, bütün klublrı bir damın altına toplamaqdısa, o başqa məsələ.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp