Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliya “Sportinq”i ilə oyun “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı kapitan avrokuboklarda 100-cü oyununa çıxıb. 

Sadıqov bu göstəriciyə nail olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Bu münasibətlə UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt ona 100 nömrəli forma hədiyyə edib. 

Qeyd edək ki, qitə miqyaslı turnirlərdə 15-ci mövsümünü keçirən mərkəz müdafiəçisi bu oyuna qədər 99 oyunda 8414 dəqiqə meydanda olmuşdu. Sadıqov bu görüşlərdə 7 qol vurub, 11 sarı və 1 qırmızı vərəqə almışdı.

Sadıqov bu rəqəmə 3 klubda çatıb: “Neftçi”, “Kayserispor” və “Qarabağ”. 2001-ci ildə UEFA Kubokunda “Neftçi”nin “HİT Qoritsa” ilə matçında debüt edən Rəşad “ağ-qaralar”ın heyətində ümumilikdə 18 görüş keçirib. Legioner kimi “Kayserispor”da 5 oyuna çıxan müdafiəçi “Qarabağ”da 77 dəfə oynamaq imkanı qazanıb.

Rəşad Sadıqov 100 matçın 31-ni Çempionlar Liqasında, 59-nu UEFA Kuboku/Avropa Liqasında (6 qol), 10-nu İntertoto Kubokunda (1 qol) keçirib. O, həm də Avropa Liqasında ən çox oyun keçirən azərbaycanlı futbolçudu və bütün Avropa üzrə ilk “50-lik”dədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp