Epizodları bir-bir incələməyin mənası yoxdu. Vərəqələrin havada uçuşduğu, hər öskürənin meydandan qovulduğu oyunda hakim səhvləri kifayət qədər idi.
 
“Sabah” – “Neftçi” oyununda qonaqlar qalib gəlməsəydi, indi hakimlər briqadası daha çox müzakirə olunurdu. Amma bütün səhvlər sonda nəticəyə təsir etmədiyindən, Rəhim Həsənovun idarəçiliyi haqda şikayət tonu bir qədər aşağıdı.
 
Baş hakimin bu matçda “Sabah”a kömək etmək niyyəti bu komandanı istəməsindən deyildi. Qarşıya yalnız “Neftçi”ni qarışdırmaq, bu komandanı yaralamaq məqsədi qoyulmuşdu. Meydan sahiblərinə kömək etmək istəyən Vanderson Silvanın epizodunda ona qırmızı vərəqə göstərməz, penalti təyin edərdi. Və ya Mirabdulla Abbasovun qol vurduğu cərimə zərbəsi zamanı ciddi kobudluq yox idi.
 
Sadaladıqlarımız “Sabah”ın əleyhinə olanlar idi. Amma “Neftçi”nin qapısına təyin olunan penalti də ağır qərar idi. Tural Axundova verilən sarı vərəqələr müzakirə mövzusudu. Baqali Dabonun sumulyasiyaya görə meydandan qovulması isə ümumiyyətlə, gülməli idi. Fransız cərimə zərbəsi istəmirdi, sadəcə, mübarizə zamanı yerdə qaldı. Rəqib oyunçu aşkar şəkildə onun qolundan dartsa da, Dabo hətta buna da etiraz etmədi. Penati əvəzinə əks tərəfə qırmızı vərəqə – absurd idi!
 
Xeyli hakim səhvləri vardı və bu oyunda qazanılan qələbə “Neftçi”yə 2 vacib oyunçunu itirmək hesabına başa gəldi. Hansı ki, növbəti turda yerləri görünəcək.
 
“Sabah”ın adı bədnam oldu, “Neftçi” də zərbə aldı. Həsənovun hoqqaları hamını narazı saldı, xüsusilə qonaqların düşərgəsində gərginliyə, əsəb partlamasına səbəb oldu.
 
FIFA referisinin səhvləri öz yerində, qarşılıqlı idi. Ən pis olan onun niyyətinin geydiyi idman tumanının rəngində olmasıdı. Sanki “Neftçi”nin büdrəməsi, ən azı zəiflədilməsi Həsənovun məqsədinə çevrilmişdi. Bəlkə də izləyicisi ilə 5 xallıq fərq Rəhimə xoş gəlmir.
 
Ən maraqlı olan bu hakimin daim belə məqamlarda üzə çüxmasıdı – o, həmişə çempionluq üçün mübarizə aparan komandalardan birinin qəniminə çevrilir. Son illər “Qəbələ” Rəhimin əlindən az çəkmirdi. İndi də “Neftçi”nin yüksəlişi ona xoş gəlmir.
 
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin mövqeyi çox maraqlıdı. Onun komitəni formalaşdıra bilməməsi bir yana, hakimlikdə də əsas idarəçi olmadığı görünür. Komitə Peşəkar Futbol Liqasının kurasiyasından çıxsa da, deyəsən, hakimlər özü hələ də orada qalıb.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp