Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk “Kəpəz” Peşəkar Futbol Klubunu ziyarət edib. 

Futbolinfo.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna gələn konsulu klubun rəsmiləri, baş məşqçi Etibar İbrahimov qarşılayıb. Arena ilə tanış olan qonağa “Kəpəz”in tarixi və qazandığı uğurlar haqda məlumat verilib. “Sarı-göylər”in hazırkı durumu ilə maraqlanarkən “Fənərbaxça” azarkeşi olan Zeki Öztürk “rənglərimiz və cari mövsümdəki nəticələrimiz eynidir” deyə zarafatlaşıb. Zeki bəy futbolçularla da ayaqüstü görüşüb, onlara qarşıdakı oyunlarda uğurlar arzulayıb. Komandanın ev matçlarından birində tribunadan dəstək verəcəyini bildirib. 

Daha sonra klubun ofisində çay süfrəsi arxasında görüş davam etdirilib. Qardaş ölkənin Nizami yurdundakı rəsmi təmsilçisinə arxasında adı və soyadı yazılan “Kəpəz”in Gəncənin avtomobil seriyasına uyğun 20 nömrəli forması, şərfi hədiyyə edilib. Konsul da görüşə əliboş gəlməyib. O, kollektivə Türkiyə istehsalı olan şirniyatı və “Skylife” turizm jurnalının Gəncə haqqında geniş məqalə dərc edilən buraxılışını təqdim edib. Görüşdə yaxın günlərdə konsulluq əməkdaşları ilə klubun üzvləri arasında dostluq matçının keçirilməsi qərara alınıb. 

Zeki Öztürk doğum gününü qeyd edən komandanın həkimi Şıxəli Həsənovu kollektivlə birgə təbrik edib. Onun şərəfinə bişirilmiş tortu səbəbkarla birlikdə kəsib.

Ziyarətinin sonunda Baş konsul klub saytına açıqlama verib: “Klubu ziyarət etməkdən böyük məmnunluq hissi duydum. Komandanın tarixi haqda müəyyən bilgiləri əldə etdim. Kollektivin tezliklə layiq olduğu yarışda – Premyer Liqada çıxış etməsini arzulayıram. İnşallah, “Kəpəz” yenidən Gəncə və gəncəlilərə yaraşan bir komanda olmaqla Azərbaycanı avrokuboklarda da uğurla təmsil edər”.

Xatırladaq ki, bir müddət öncə Gəncə şəhər rəhbərliyi ilə görüşdə Zeki Öztürk "Kəpəz” ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması ilə bağlı fikir irəli sürmüşdü. O, Türkiyənin Gəncə ilə qardaşlaşmış şəhərlərindən birinin komandasının “Kəpəz” ilə qarşılaşmasının daha uyğun ola biləcəyini vurğulamışdı. Yeri gəlmişkən, klub nümayəndələri ilə görüşdə Baş konsul bu barədə müzakirələr aparıb.   

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp