Meydana mübarizə apardılar, tribunada atışdılar, indisə qardaşlıq mesajları verirlər. Ardıcıl paslaşmalardı, növbəylə bəyanat yayırlar.
 
“Sabah” – “Neftçi” oyunundan sonra başverənlər bir qədər də gülməli görünür. Yerində həll edilməli problem anlaşılmazlıq üzündən mətbuata çıxdı, meydan sahibləri bəyanat yaydı, ara qızışdı. Dünən isə “Neftçi” günahkarcasına cavab bəyanatı verdi, hətta öz azarkeşlərindən bəzilərinə xoş gəlməyəcək cümlələr yazdı və “Sabah” üzrü qəbul edib, “barışdıq” mesajı göndərdi.
 
Hər şey isə Rəhim Həsənovun idarəçiliyindən alovlandı. FIFA referisinin “Neftçi”yə qarşı aşkar amansızlığı qonaq azarkeşləri qıcıqlandırdı, onlar matç boyunca təhqirlərə yola verdilər. Bu hərəkət “Sabah”a xoş gəlmədiyi üçün onlar bəyanat yaydı. Çünki şüarlar hakimlərlə yanaşı, rəqibə də yönəlmişdi və hesab etdilər ki, “Neftçi” fanatları ilə işdə daha diqqətli olmalıdı.
 
“Neftçi”nin bəyanatı azarkeşlərin bu hərəkətini alqışlamadığının nümunəsi idi. Eyni zamanda bir neçə fanatın, qrup halında deyil, pərakəndə şəkildə AFFA, PFL rəhbərliyini adla istefaya səsləmənsi də məlum mətnin yayılmasını şərtləndirdi. Yuxarı səviyyədə narahatlığa görə bu bəyanat verildi və gərginlik sülhlə yoluna qoyuldu.
 
İki klubun münasibətlərinin bu səviyyə gəlməsində əsas günah sahibi olan Həsənov unudulmamalıdı. Rəhimin niyə belə etdiyi ciddi araşdırılmalıdı. PFL-in, “Qarabağ”ın sifarişçi kimi göstərilməsi cəhdləri oldu və hardasa başadüşüləndi. Bu hakim tarixən “Neftçi”ylə problem yaşamış biridi, həmişə bu kluba qarşı qəribə qərarları ilə seçilib. O, ağdamlıların “Qəbələ” ilə oyunlarında da “qırmızı-qaralar” üçün arzuolunmaz referi kimi özünü göstərib.
 
Söz-söhbətlər öz yerində, mübarizə təkcə meydanda yox, həm də kabinetlərdə gedir və ortada ölkənin ənənəsi olan klublardısa, tarixi rəqabət varsa, bu, gözləniləndi. Sadəcə, AFFA bu hakimin niyə belə etdiyini aydınlaşdırmalıdı. Şaiyəylə, əsaslandırılmayan təbliğatla məşğul olmaqdansa, Rəhim sorğu-suala çəkilməlidi. Əvvəllər bunu PFL edirdi, indi isə Hakimlər və Hakim-İnspektorlar Komitəsi bu qurumun deyil, AFFA-nın kurasiyasındadı. Araşdırmaq, dəqiqləşdirmək, cəzalandırmaq lazımdı.
 
PFL vaxtilə bir çox hakimlərin günahlarını sübut edərək, onları qovub. Bəlkə Rəhim də artıq “yetişib”, çünki son günlər onun “Neftçi”ylə şəxsi qərəzinin olması barədə də söz-söhbət var. Guya ki, o, bakılılardan əvvəlki oyunlara görə nəsə umub, istəyinə çatmayınca belə hərəkət edib. Onun nəyi və niyə umduğunu deyə bilmərik, klubun belə səhvə yol verməsi də inandırıcı görünmür, bəlkə də son vaxtlar meydan sulayan “dəllallar” yalançı vasitəçilik edib. İstənilən halda, araşdırılmalı və bakılılara qarşı yersiz hakim aqressiyasının səbəbi tapılmalıdı.
 
Həsənova tapşırıq verilmişdisə və ya o, öz qisasını alırdısa da, yalnız özünü yandırdı. Çünki istəyinə nail ola bilmədi – komanda qalib gəldi, yalnız 2 oyunçunun cəzalanması qeyd edilə bilər. Halbuki Baqali Dabonun qırmızı vərəqəsini ləğv etdirmək mümkündü və “Neftçi” mütləq apellyasiya şikayəti verməlidi. Rəhimin bərbad idarəçiliyi isə mütləq “qiymətləndirilməlidi”, onun hərəkətləri təsadüfi deyildi.
 
Sədr Frits Stuxlikin nə işlə məşğul olduğunu bilmirik. Komitəsini formalaşdıra bilməyən təzə”hakimbaşı” səhnəyə çıxmalıdı. Əvvəllər hər tur, hər səhv sonunda Xaqani Məmmədovu axtarırdıq, xələfi isə yaddan çıxıb. Stuxlikin fəaliyyəti bərbaddı. Bəyanatlar bu oyundakı səhvləri gündəmə gətirdi, halbuki səhvlər sıralanır, amma göz yumulur. Elə ötən tur “Səbail”in qapısına təyin olunan penalti də düzgün təyin olunmamışdı və “Neftçi” ondan yararlandı. Bu turda isə “Sumqayıt”ın penaltisi verilmədi: “Səbail”lə oyunun 8-ci dəqiqəsində qonaqların oyunçusu əllə oynamışdı. Bu komandaya ötən tur edilən haqsızlıq sanki şənbə günü kompensasiya edildi. Görəsən, Emil Balayev rəqibə qol hədiyyə etməsəydi, “Sumqayıt”ın haqqını kim ödəyəcəkdi?
 
Bəyanatlar yaymaq, gündəmi rəngləndirmək yaxşıdı, amma səhvlərlə bağlı ölçü də götürülməlidi. Cəzasızlıq Rəhimin özbaşnalığına kimi böyüdü, indi bu hakimin də bağışlanması növbəti turlarda daha böyük həngamələrə səbəb olar.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp