Çox uğursuz püşkdü. Nə Almaniya, İspaniya, İtaliya kimi dünya nəhəngləri var, nə də asanlıqla xal qazanacağımızı gözlədiyimiz rəqiblər. Bu baxımdan Avro-2020-nin seçmə mərhələsi cəlbedici deyil.

AFFA-nın marketoloq idarəçiləri də bu durumdan məyus olmalıdı. Axı, qrupumuzun favoriti olan Xorvatiya ilə oyunlarda hansı reklam gəlirlərinə, hansı qazanclı layihəyə ümid edəsən. Uels, Macarıstan, Slovakiya da onun kimi. Nəticə baxımından isə yenə ümidsiz durumdu. Qitənin möhkəm ortababları ilə oyunlarda evdə uduzmamaq, təsadüf nəticəsində hansınısa udmaq – başqa məqsəd ola bilməz. Hətta perspektivsiz qrup üçüncülüyü üçün oynamaq da mümkünsüzdü.

Bəri başdan hər şey bəllidi. Ona görə də heç kim vəd vermir. İstər AFFA rəhbərliyi, istərsə də baş məşqçi Qurban Qurbanov ümumi sözlərlə kifayətlənir. Vaxtilə qarşılaşmağımızdan, rəqibin gücündən, ənənələrindən bəhs edirlər. Halbuki strategiyanı müəyyənləşdirmək, dəqiq hədəf göstərmək lazımdı.

Gücümüz bəllidi – bu qrupdan final mərhələsinə yollana bilmərik. Millətlər Liqasındakı fiaskodan sonra bu haqda danışmaq gülməli alınar. Ancaq oyunları yola vermək də lazım deyil. AFFA bu mərhələyə komanda quruculuğu üçün fürsət kimi yanaşmalıdı. Milli komandadan nəticə istənməməli, gələcəyin kollektivi qurulmalıdı. Qurbanov heyəti yeniləməli, gəncləşdirməli, növbəti tsikllərdə özək olacaq heyəti formalaşırmalıdı. Eyni zamanda aşağı yaş qrupundan olan milli komandalara diqqət yetirilməli, perspektiv düşünmülməlidi.

1-2 qələbə, 7-8 xal yığılması mümkündü, lakin bu, bizə heç nə verməyəcək. Xorvatiya, Uels kimi komandaları sıradan şıxarmaq, Slovakiyanı üstələmək xəyaldı. Macarıstanın klub futbolu zəif olsa da, bu ölkəyə çatmağımıza da çox var. Futbol ənənələri, kadr ehtiyatı, sistem baxımından aşkar autsayderik. Bu səbəbdən qarşıdakı seçmə mərhələyə hansısa ümidlə yox, komanda quruculuğu üçün fürsət kimi baxmalıyıq.

AFFA rəhbərliyi, milli komandanın məşqçisi hələlik hədəfləri açıqlamır. Konkret danışmaq, vəzifələri aydınlatmaq lazımdı. Nə özünüzü, nə milləti aldatmayın, işə başlayın!

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp