Qurban Qurbanov seçim qarşısında qoyulacaq. AFFA-nın baş katibi Elxan Məmmədov millidə görmək istəmədiyi, hər vəchlə yola salmaq istədiyi baş məşqçi üçün yeni plan cızır.

Günlərdi yeni təbliğat istiqaməti müəyyənləşdirilib. Və hər şey dekabrın ikinci yarısında reallaşacaq İcraiyyə Komitəsinin növbəti iclasında nöqtələnməlidi.

Plana görə, Qurbanova ya “Qarabağ”da, ya da milli komandada işləmək təklif olunacaq, 2 yerdə çalışmağın yaratdığı problemlər izah ediləcək. Aydındı ki, Qurban bəy illərdi xidmət etdiyi və uğurlar qazandığı Ağdam klubu ilə vidalaşmaq niyyətində deyil. Belədə ona millidən istefa verməsi üçün təzyiq göstəriləcək. İK-nın sözəbaxan üzvləri bunun üçün təlimatlandırılıb.

Qurbanovu millidən əmrlə qovmaq mümkün deyil. Həm davam edən müqavilə var, həm də bu təyinatı ölkə rəhbərliyi məsləhət bilib. Bu səbəbdən yalnız təzyiq göstərməklə, onu məcbur etməklə və öz dilindən söz almaqla arzularına çata bilərlər.

Elxan Məmmədova bu məşqçi ilə birgə işləmək sərfəli deyil. Əcnəbi çalışdırıcının gətirilməsi daha faydalıdı. Belə bir məşqçi olsa, onun “tələbi ilə” xaricdə toplanışlar, səfərlər təşkil etmək daha asan olur. Qurbanov isə Berti Foqts kimi yersiz xərclərin tərəfdarı deyil və bu, kimlərinsə əlavə qazancına əngəldi.

Məşqçini dilemma qarşısında qoymaqla onu millidən getməyə razı salmaq istəyənlərin B variantı da var. Qurbanov millidə qalmaqda israr etsə, klubdan ayrılması təklif ediləcək. Neçə vaxtdı “Qarabağ” rəhbərliyinin də qulağı doldurulur, komandanın nəticələrinin qismən pisləşməsinin məşqçinin 2 yerdə işləməsi ilə bağlı olduğu haqda təbliğat aparılır. Amma Qurban bəy də, klub rəhbərliyi də anlayır ki, “Qarabağ”da qurulmuş bir sistem var və ölkə futbolu üçün etalon modeldi. Bunu məşqçi və rəhbərlik illərdi əl-ələ verərək yaradıblar, faydasını da görüblər. Bu səbəbdən nizamı pozmaq olmaz. Qurbanovun gedişinin həm məşqçi, həm də klub üçün yalnız pis fəsadları olardı.

AFFA rəhbərliyi isə pressinqdə israrlıdı, hətta yayındırıcı, şirnikləndirici təklifləri də var. U-21-in baş məşqçisi Rəşad Sadıqov yayda futbolçu karyerasını bitirmək istəyir. “Qarabağ”ın kapitanının klubda məşqçi olması və Qurbanovun işini davam etdirməsi çıxış yolu, alternativ variant kimi göstərilir.

Bütün bu təkiflər Qurbanovu bezdirməyə, məğlub edilməsinə səbəb olacaq hansısa addımı atmasına hesablanıb. İndi onun təslim olacağı, yoxsa qətiyyət göstərib güzəştə getməyəcəyi, idarəçi komanda formalaşdırıb yoluna davam edəcəyi aydınlaşmalıdı. Məğlubiyyətə səbəb olacaq addım atmaq olmaz, əksinə, Qurban bəy baş katibin milliyə təsir imkanlarını azaltmalı, öz idarəetmə aparatını formalaşdırmalıdı. 12 illik fəaliyyəti dövründə ancaq uğursuz layihələrlə yadda qalan katibin daha bir manevri futbol tariximizin ən uğurlu məşqçisinin sonunu gətirər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp