UEFA bu mövsüm futbol üzrə Çempionlar Liqasında (ÇL) videotəkrar sistemindən istifadə edəcək. 

Futbolinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İcraiyyə Komitəsi VAR-ı ÇL-in 1/8 final mərhələsindən tətbiq olunmasını təsdiqləyib. Bu qərar uğurlu texnoloji sınaqdan və son bir neçə ay ərzində hakimlərindən təlimindən sonra qəbul edilib. 2019-cu il fevralın 16-dan ÇL-də VAR sistemi tətbiq olunacaq.

UEFA onu da bəyan edib ki, qitəmiqyaslı turnirlərdə iştirak edən klublar VAR üçün pul ödəməyəcəklər. Bütün xərclər Avropa futbol qurumunun vəsaiti hesabına bağlanılacaq.
 
Qeyd edək ki, UEFA daha öncə 2019/2020 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində videotəkrar sistemindən (VAR) istifadəyə icazə vermişdi.

UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında da videotəkrar (VAR) sistemindən istifadə edəcək.

Daha əvvəl VAR-ın 2019-cu il UEFA Super Kuboku uğrunda matçda, 2020-ci il Avropa çempionatının final mərhələsində, 2020-2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən etibarən və 2021-ci il Millətlər Liqasının finalında tətbiq olunacağı müəyyənləşib.  

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp