AFFA-nın baş katibi Elxan Məmmədovun daha bir layihəsi iflas həddindədi. Yəqin ki, martda baş tutacaq hesabat konfransında Klublar Komitəsinin ləğvinə qərar veriləcək. Qurumun bugünkü yığıncağında prosesin inkişaf istiqamətinin ilkin işartıları göründü.

Heç bir qərar vermək gücü olmayan, yalnız tövsiyyələrlə baş qatan KK sədrsiz qaldı. Kamran Quliyevin müddəti bitdi və o, növbəti dəfə seçilmək üçün namizədliyini vermədi. Digər klublar da eyni addımı atdı və heç kim oyuncaq qurumda baş ağrıtmağı məsləhət bilmədilər. Güman ki, martda komitənin ümumiyyətlə, lazımsızlığı bəyan ediləcək və ləğv olunacaq.

Hələlik sistem dəyişikliyi elan olunub. Sədrlik ləğv olunur və bundan sonra katiblik formatıyla baş aldadılacaq. Elxan Məmmədovun hər il bir vəzifəyə göndərdiyi, milli komandalarda “ad çıxarmış”, indi futzal federasiyasında məsul vəzifə tutan Zaur Hacı-Məhərrəmov bundan sonra klub rəhbərlərinə ağalıq edəcək. Bugünkü tədbirdə 3 saatlıq iclasın bitməsini gözləyən jurnalistlər üçün hətta su təşkil etməyi belə yaddan çıxaran birindən danışırıq. Vəzifənin qoxusunu hiss edən kimi buludlara qalxmışdı. Yəqin bir neçə gün əvvəldən ssenari cızılıbmış və o, rütbəsinin yüksələcəyini bilirmiş, bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur xırda işlərə vaxt ayırmaq istəməyib.

Bu, həm də Hacı-Məhərrəmovun yeni kadr kimi üzə çıxarılması cəhdidi. Hamisi olan Məmmədovun sayəsində Zaur da idarəçilik sahəsinə atılır, 1-2 ildən sonra hansısa kluba prezident göndərilmək üçün hazırlanır.

Öncədən KK-nın yığıncağının 11:00-da başlaması nəzərdə tutulmuşdu. Dünən isə tədbir bir saat öncəyə çəkildi. Və nəhayət, bu gün bəlli oldu ki, səbəb Elxan Məmmədovun iclasa baş çəkməsi ilə bağlıymış. Daha sonra digər tədbirə gedib, Rober Pireslə şəkil çəkdirməli olan baş katibin istəyi ilə belə addım atılıb.

Məmmədovun KK-da görünməsi, hətta çıxışının iclasın gündəliyinə salınması təsadüfi deyildi. Dublin səfərində də kölgədə qalan katib önəmli fiqur olmasını hər imkanda göstərməyə çalışır. Millinin baş məşqçisi Qurban Qurbanovun dünən onun deyil, AFFA prezidenti Rövnəq Abdullayevin adını çəkməsi, müzakirə apardığını deməsi Məmmədovu arxa plana atır. Bu səbəbdən o, imkan daxilində çox tədbirdə görünməyə, özünü önəmli şəxs kimi göstərməyə məhkumdu. KK-ya da çempionatda əsas söz sahibi olduğunu nümayiş etdirmək üçün gəlmişdi. Əks halda, heç bir qərar vermək səlahiyyəti olmayan qurumun iclasında onun dedikləri kimə lazımdı?

Məmmədov yarım saat iştirak etdiyi tədbiri tərk edərkən jurnalistlərdən qaçmağı üstün tutdu. Göründü və susaraq getdi. Çünki dediyi hər söz əleyhinə işləyə bilər, 12 ildi hamını aldadan bu şəxsin dedikləri ikrah hissi oyadır – yuxarılar da onu tanıyıb, futbol ictimaiyyəti də, sadə azarkeşlər də. Ömrünü uzatmaq üçün sadəcə, işgüzar imic yaradır, açıqlama verməyə, hansısa məsələyə münasibət bildirməyə qorxur.

Elə onun futbolumuza ürcah etdiyi Frits Stuxlik də mətbuatdan qorunur. AFFA-dan icazə verilməyincə danışmaq istəməyən avstriyalı çoxalan hakim səhvləri, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin açıqlanmaması barədə çoxsaylı sualları cavabsız qoyur. O, hələlik tuman rənginin müzakirələrində söz sahibidi.

İstənilən halda, KK məhvə məhkumdu. Nəticəsi olmayan, boş müzakirələrin aparıldığı bugünkü iclasa görə ötelə ödəniləcək 5000 manatla futbola faydalı bir iş görmək olardı. Klub rəhbərlərinin biganə olduğu, menecerlər səviyyəsində təmsil olunduğu komitə iclası yalnız katibin futbol idarəçiliyindəki hakimiyyətini nümayiş etdirmək üçün idi. O isə Tahir Gözəl, Əmrah Çəlikəl, Tale Heydərov, Fariz Nəcəfov, Zaur Axundov, hətta Rəmiş Malıyev kimi rəhbərlərin deyil, klub menecerlərinin olduğu məclisdə ağsaqqallıq edə bilər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp