Dünən AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin əvəzedicilərindən ibarət komandası tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb. “Qartallar”ın istəyi rədd edilib.
 
Futbolinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il il tarixli, Azərbaycan Birinci Divizionunun 10-cu turu çərçivəsində  keçirilən “Turan Tovuz" – "Zirə-2” oyunu başlamazdan əvvəl “Zirə-2” tərəfindən futbolçuların lisenziyaları hakimə təqdim edilmədiyinə görə komandaya 0:3 hesabı ilə məğlubiyyət verilməsi və klubun 80 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
 
Amma “Zirə” tərəfi narazıdı və onlara haqsızlıq olduğunu düşünür. Klub prezidenti Natiq İsmayılovun saytımıza müsahibəsindən də bunu hiss edəcəksiz.
 
– Şikayətinizin rədd edilməsinə münasibətiniz maraqlıdı…
– AFFA-nın dünənki qərarı çox müəmmalıdı. Ortada çox qəribə və bir o qədər də təəccüblü vəziyyət var. Hələ də başa düşə bilmirik ki, bu qərarı niyə veriblər.
 
– Ümumiyyətlə, hadisə necə olub?
– Oyundan bir gün əvvəl əsas komandanın futbolçularının lisenziyaları olan maşın Yol Polisi Xidməti tərəfindən saxlanılıb və cərimə meydançasına aparılıb. Murad Musayev, Tapdıq Əhmədov və Əmrah Bayramov tez-tez əsas komanda ilə məşq etdiyindən onların da lisenziyaları maşında idi. Bizə əməkdaşımızın saxlanılması xəbəri Tovuz səfərindən 1 gün əvvəl, axşam verilib. İş vaxtı başa çatdığından çoxsaylı cəhdlərimizə baxmayaraq, polis əməkdaşları bizə maşından nəyisə ancaq sabah günorta saatlarında götürə biləcəyimizi bildiriblər. Komanda isə səhər saat 06:00-da Tovuza yola düşməli idi. Belə olan halda lisenziyaları oyuna çatdırmaq qeyri-mümkün idi. Ona görə də biz dərhal PFL-lə əlaqə saxlayıb, vəziyyəti başa saldıq və belə olan halda bu futbolçuların meydana çıxa bilib-bilməyəcəyini soruşduq. Çempionatı keçirən qurum bizə razılıq verdikdən sonra futbolçuları Tovuza göndərdik. Əgər qurumdan bizə mənfi cavab gəlsəydi, bu futbolçuları səfərə göndərməzdik. PFL-in baş direktoru Məlik Həsənovun oyundan əvvəl hakimlərlə əlaqə saxlayıb razılıq verməsindən sonra referi futbolçuların meydana çıxmasına icazə verib. Bundan başqa, hakimlərə futbolçuların lisenziyasının və AFFA-nın bazasında olan məlumatların da şəklini çəkib elektron versiyada göndərdik. Bundan sonra hakimlər futbolçuların start heyətində meydana çıxmağına icazə verib, hətta oyunun yekun protokolunda da məhz bunlar qeyd olunub. Hər halda, bu futbolçular meydana start heyətində çıxıbsa, demək ki, bu, özbaşına deyil. Amma nədənsə AFFA haqqımızda bu cür qərar çıxardı.
 
– Qərardan apellyasiya şikayəti versəniz də, bu, təmin olunmadı.
– Bəli, etirazımızı bildirdik. İclas keçirildi. İclasda klubumuzun 2 üzvü, PFL-in əməkdaşları da iştirak edib, dinlənilib. Burada komitə üzvlərinə baş vermiş vəziyyət izah edilib. Hətta onlara rəsmi sənəd də təqdim ediblər. Komitə üzvü Arif Fərəcov təqdim olunan sənədi oxuyaraq, üzünü rəhbərləri Ziya Babayevə tutaraq “bu, artıq sübutdu, biz bunun qarşısında heç nə deyə bilmərik” deyib. Daha sonra PFL əməkdaşları da dinlənilib və onlar da vəziyyəti izah ediblər. İclas başa çatanda artıq saat 20:00 olardı və iş vaxtı çoxdan başa çatmışdı. Amma daha sonra bizə dedilər ki, “Turan Tovuz” şikayət edib və qərara yenidən baxılacaq. Maraqlıdı ki, gecənin bir aləmində Tovuz tərəfindən kim şikayət edib və iş vaxtı başa çatdığı halda bu məktuba kim baxıb, rəy verib? Ümumiyyətlə, bundan sonra da araşdırdıq və məlum oldu ki, bu cür hallar çox yaşanıb. Konkret hansı qarşılaşmalar da olduğunu bilirik, sadəcə, etika xatirinə bunu mətbuata çıxarmaq istəmirik. Eyni hal hətta Tovuz klubunun da başına gəlib. Amma maraqlıdı ki, texniki məğlubiyyət ancaq bizə verilib.
 
– Bu məsələ ilə bağlı klubun təsisiçilərinin mövqeyi nədi?
– Təsisçilər hər şeyi, eləcə də bu məsələni yaxından diqqətdə saxlayır. Bu qərar onlara da qaranlıq qaldı və çox təəssüfləndirdi.
 
FƏRİD
 
47502915 2114656858847447 8574567598446870528 n.jpg? nc cat=105& nc ht=scontent amt2 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp