“Keşlə”nin qapıçısı Davud Kəriminin futbolinfo.az saytına müsahibəsi:

– “Qarabağ”a böyükhesablı məğlubiyyəti necə analiz edərdin?
– Bu məğlubiyyəti sırf şanssızlıqla əlaqələndirərdim. Bilirdik ki, mütləq xal qazanmalıyıq. “Zirə” bizi üstələmişdi və ona görə də qalib gəlməliydik. 1:2-dən sonra komanda istədi ki, hesabı bərabləşdirsin, irəli atılsın və sonucda böyükhesablı məğlubiyyət alındı. 

– 5 qol buraxmağınızı şanssızlıqla əlaqələndirirsən?
– Demək istəyirəm ki, 1:2-dən sonra irəli atılmaq bizə baha başa gəldi. Məcbur idik ki, hücum edək. 1:3-dən sonra bir az da irəli getdik. Nəticə də belə oldu. 

– Razısan ki, “Keşlə” qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi?
– Bizim həmişə qol imkanlarımız olub. Özü də bəzi matçlarda rəqiblərdən çox qol imkanları yaratmışıq. Amma sonda nəticə bizi sarsıdıb. Çünki əsas olan işi edə bilmirik. Qollar vurmaqda çətinlik çəkirik. Tərlan Əhmədovu hamı tanıyır. Hamımız bilirik ki, getdiyi bütün komandalarda döyüşkən kollektiv yaradıb. Çətin komandaları, pis vəziyyətdə olanları dirçəltməyi bacarıb. Bizə vaxt lazımdı. Ona da vaxt lazımdı ki, öz taktikasını komandaya aşılaya bilsin. 

– Tərlan Əhmədovun gəlişindən sonra komanda bir az özünə gəldi və qələbə də qazandı. İndi 1:5 hesablı məğlubiyyət psixoloji olaraq pis təsir etməyəcək?
– Buna inanmıram. Düşünmürəm ki, bir məğlubiyyət komandanı “sındırsın”. Qarşıda “Şüvəlan”la kubok oyunu və əsas rəqiblərimizdən olan “Sabah”la matçımız var. Dünəndən artıq bu komandalarla oyunları düşünüb məşqlərdə hazırlaşırıq. 

– Qollarda səhvlərinin olduğunu düşünürsən?
– 5-ci qolda səhv etdiyimi düşünürəm. Orda mövqeyim düz deyildi və nəticədə 5-ci qol vuruldu. 

– Kamran Ağayevin zədələnməsi sənə kömək etdi?
– Kamranın zədələnməsi elə vaxtda düşdü ki, böyük itki vermişdim. Amma bunu bəhanə gətirmirəm və deyə bilərəm ki, bütün oyunlarda canımı qoymuşam. Komanda üçün əlimdən gələnin artığını etməyə çalışmışam. 

– Ağayevin adı ətrafında yaranan söz-söhbətlər sizə də təsir etdimi?
– Kim nə deyir desin, amma mən öz gözümlə gördüm ki, Kamranın zədəsi var və dizlə topuq arasında əzik var idi. Bu, komandaya təsir etməsə də, Kamrana pis təsir edir. Çünki mən onu tanıyandan bilirəm ki, heç vaxt millidə oynamaqdan qaçmaz. Söhbət adi futbolçudan deyil, milli üçün canını qoymuş bir nömrədən gedir. 

– Sabah kubok oyununuz var və sizə qarşı heç bir şansı olmayan “Şüvəlan”la qarşılaşacaqsız. 
– Onlara hörmətlə yanaşırıq. Çünki dəfələrlə şahidi olmuşuq ki, belə komandalara yuxarıdan aşağı baxmaq baha başa gəlib. “Şüvəlan” döyüşkən kollektivdi və axıra kimi mübarizə aparır. Özlərini göstərməyə çalışacaqlar. Biz də təbii ki, kubokun son qalibi kimi adımızı qoruyub saxlamağa çalışacağıq. Bilirik ki, avrokuboklara ən yaxın yol kubokdan keçir.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp