AFFA 2018-ci ilə yekun vurur. Sabah assosiasiyanın binasında İcraiyyə Komitəsinin son iclası baş tutacaq. Bu tədbiri ilin yekun zirvəsi də saymaq olar.
 
Əvvəla onu qeyd edək ki, bu tədbir dekabrın ikinci yarısına planlaşdırılırdı. Lakin görünür, yuxarı səviyyədə təpkilər çoxdu, təzyiqlər var, hesabat istənilir. Elə bu səbəbdən də AFFA tələsir, günahkar tapıb müzakirələrin yönünü dəyişməyə çalışırlar.
 
Futbolinfo.az xəbər verir ki, bu iclas tərəflərin mübarizəsi kimi də önəm daşıyır. Son illərdə ilk dəfə ölkə futbolunda mütərəqqi qüvvələr meydana çıxıb və onların bu səviyyədə təmsil olunan yeganə nümayəndəsi Qurban Qurbanov ancaq öz biznesini, öz ətrafını hər şeydən üstün tutan qrupa qarşıdı. Milli komandamızın baş məşqçisinin əsas üstünlüyü şəxsi məqsədləri üçün deyil, ölkə futbolunu bataqlıqdan çıxarmaq naminə mübarizə aparması, yalnız futbolu düşünməsidi.
 
Ölkə başçısının dəstəyini arxasına alaraq futbolda müsbət addımlar atmaq üçün təkbaşına çalışan Qurban bəyin daha bir mühüm dəstəyi AFFA prezidenti Rövnəq Abdullayevdi. Son püşkatma üçün Dublində olarkən qurumun rəhbəri ilə bir sıra məsələləri müzakirə etdiyi deyilən Qurbanov onu düzgün istiqamətə inandıra bilib. Baş katib Elxan Məmmədova yeri göstərilib, o, proseslərdən qismən kənar saxlanılıb.
 
Lakin Məmmədov da asan təslim olmaq istəmir. O, futbolun inkişafına, AFFA rəhbərliyinin müəyyənləşdirdiyi istiqamətə deyil, daxil olduğu klana qulluq edən adamdı. Bu səbəbdən İcraiyyə Komitəsinin iclasında Qurbanovun hər hansı zərbə almasna, imicinin zədələnməsinə çalışacaq baş katib, özünün daxil olduğu qrupun maraqlarına zərbə dəyməməsinə də maksimum səy göstərəcək. Bu adam artıq AFFA rəhbərliyinə də dönük çıxmağa hazırdı. Futboldakı hakimiyyətin təmin etmək üçün indi komitə üzvlərindən istifadə etməyə çalışacaq.
 
Elxan bəy son vaxtlar çox səhv buraxıb. Özünü o qədər önəmli adam hesab edir ki, gözü ayağının altını görmür, hətta ölkə başçısının millinin baş məşqçi postuna layiq bildiyi adamı da qaralamağa, bezdirib yola salmağa cəhdlər edir. Qohumların, dostların, hamilik etdiyi şəxslərin sayəsində sosial şəbəkələrdə, mətbuatda qara təbliğat aparılır. Qurbanov bu insanların biznesinə əngəldi, ölkə futbolunda pulun dağıdılmasının yox, həqiqi inkişafın tərəfdarıdı. 12 ildi hamını barmağında oynadan, istədiyini diqtə edən baş katib üçün belə nüfuzlu rəqib arzuolunmazdı, ona görə də planları davam etdirməyə mane olan bu şəxsi qaralayıb sıradan götürməyə çalışır.
 
İcraiyyə Komitəsinin gündəliyini katiblik müəyyənləşdirir. Və siyahıdan bəlli olur ki, Məmmədov Qurbanovun işinin müzakirəsini təmin etmək, bu şəxsi hədəfə gətirmək üçün hər şey edib. Qalır iclasın ssenarisini təmin etmək. Bu məsələdə isə AFFA prezidentinin qətiyyəti önəmli rol oynayacaq. O, 12 ildi yalnız büdcə dağıdan, ölkə futbolunu ən aşağı səviyyə endirən, uşaq futbolunun axırına çıxan, Premyer Liqanın və I divizionun məhəllə çempionatı səviyyəsinə enməsində müstəsna rol oynayan, sponsorları bezdirib futbolun maliyyə ağırlığını yalnız SOCAR-ın boynuna yıxan, bütün layihələri uğursuz alınan Məmmədovla Qurbanov arasında seçim etməli, hansına daha çox güvəndiyini müəyyənləşdirməlidi.
 
Zənnimizcə, Qurban bəyə inanmaq daha məsləhətlidi. Son 5 ildə Qurbanovu və onun əsas sima olduğu “Qarabağ”ı kənarda qoysaq, ölkə futbolunda qürur duymalı heç nə yoxdu. Ağdam klubu rəhbərliyi ilə əl-ələ verən Qurbanov faktiki xarabalıqda gülüstan yaradıb. İndi assosiasiya rəhbərliyi ya “Azersun” rəhbərliyindən nümunə götürüb, eyni modeli tətbiq etməli, ya da ölkə futbol tarixinə adını qızıl hərflərlə yazdıran adamı yalnız vədləri, uğursuz layihələri ilə aldadan baş katibin ayağına verməlidi.
 
(davamı olacaq)
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp