Bu məsələdə “qızıl orta” yoxdu, 2 – ağ və qara rəng var. Hansı rəngli geyimi əyinlərinə keçirəcəkləri sabah bəlli olacaq. Bu iclasda səlahiyyət bölgüsünə də yenidən baxılmalı, milli komandalara nəzarət baş katibin əlindən alınmalıdı.
 
Ümumiyyətlə, Məmmədov yavaş-yavaş öz qəlibinə qaytarılmalı, icraçı funksiyası ilə kifayətlənməlidi. Səlahiyyətlərini aşaraq qərarverən adama çevrilmiş katibin 12 illik fəaliyyətsizliyi də bunu diqtə edir.
 
Komitənin iclasında ilk məsələ Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsidi. Bax, bu bənd birbaşa Məmmədovun istəyidi. Əcəba, niyə məsələ bu şəkildə qoyulmalıdı?
 
Xatırlayırsızsa, nə Berti Foqtsun, nə Robert Prosineçkinin dövründə belə şey olmayıb. Heç vaxt il sonunda milli komandanın çıxışı müzakirə mövzusu olmazdı. Bu əcnəbilər Məmmədovun çaldığı havayla oynadığından, gördükləri/görmədikləri iş də gizlədilər, əksinə, onların reklamı təmin edilər, yeni müqavilə üçün təbliğat aparılardı. Hətta tsikllər bitərkən də bu adamlar yada düşməzdi. İndi isə Qurbanovu Millətlər Liqasındakı uğursuzluğa görə hədəfə gətirirlər. Bu fakt özü planlardadkı məkrin dərəcəsini müəyyənləşdirir.
 
Bəli, Millətlər Liqasındakı nəticə istədiyimiz kimi olmadı. Lakin bu, Qurbanovun məşqçi bacarıqsızlığının nəticəsi deyildi. 12 ildi əsas idarəçi olan Məmmədov ölkə futbolunu elə vəziyyətə gətirib ki, hətta Qvardiola, Mourinyo, Zidan və başqa ünlü məşqçilər də daha yaxşısına nail ola bilməzdi.
 
Ölkədə kadr problemi, futbolçu çatışmazlığı var, katib maraqları naminə, həm də səriştəsziliyi üzündən bünövrəni qazıyıb. Hər il uşaq futboluna ayrılan 3-5 milyon manat aralığındakı vəsait dağıdılıb, milliləşdirmə prosesi ilə boşluqlar gizlədilib. Və indi patronu olmayan tüfəngi Qurbanova verib ondan şir ovlamağı, Avropa çempionatının finallarına vəsiqə qazanmağı istəyirlər.
 
Bu bəndin əvəzinə baş katibin son bir ildəki işlərinin hesabatının istənməsi daha məqsədəuyğun olardı. Foqts, Prosineçki Avstriya, Almaniya, BƏƏ toplanışlarına hər il 2-3 dəfə göndərildiyi halda, Qurbanova Mərdəkandan kənara çıxmağa icazə verilməyib.
 
Əsas məsələ isə təbii ki, kadr potensialıdı və Qurban bəyin heyətlə bağlı seçim imkanı olmayıb. Üzdə olan nə qədər futbolçu varsa, hamısına şans verilib, onların isə heç biri Kosovonun bir legionerinə dəyəcək səviyyədə deyil.
 
Komitənin sabahkı iclasında milli komandanın son bir ili deyil, AFFA-nın 2018-dəki fəaliyyəti, indiyə qədər buraxılan səhvlər müzakirə olunmalıdı. O zaman gələcək üçün daha mütərəqqi planlar fikirləşmək olar.
 
Bu iclasda Məmmədovun və onu İK-da dəstəkləyən əlqaldıranlar dəstəsinin əsas hədəfi Qurbanovu dilemma qarşısında qoymaqdı. Çox güman ki, iclas bu tonda başlayacaq, ssenarini buna uyğunlaşdırmağa çalışacaqlar. Guya ki, Qurban bəyin həm klubda, həm də millidə işləməsi problem yaradır. Son günlər Məmmədovun hami durduğu bir qrup mətbuat nümayəndəsinin apardığı təbliğat da bu yöndədi.
 
Əcəba, niyə? Foqts bir yerdə işləyəndə daha uğurlu idimi? Qurbanov “Qarabağ”da həm də milli üçün böyük işlər görürsə, kənarda qalan bir çox futbolçunu burada toplayıb milli üçün yenidən qazanırsa, bunun nəyi pisdi ki? Qurbanovu dilemma qarşısında qoymaq yox, ona dəstək vermək, şərait yaratmaq lazımdı ki, “Qarabağ”dakı uğur modelini millidə də tətbiq etsin. Bu baxımdan AFFA rəhbərliyinin “Azersun”dakı həmkarlarından öyrənməli olduğu çox şey var.
 
(davamı olacaq)
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp