İcraiyyə Komitəsinin iclasında müzakirəsi nəzərdə tutulan növbəti məsələ lisenziyalaşdırma ilə bağlıdı. Baş katibin sevimli oyuncağı olan lisenziya kartı yenə ortaya atılıb. Məmmədov önəmli adam olduğunu göstərmək, vacibliyini isbatlamaq üçün tez-tez belə gedişlər edir.
 
Bəli, vacib məsələdi, amma nəticələri indidən şübhə doğurur, yekununda çox başlar ağrıyacaq. Klubların lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi olsun. Klublar beynəlxalq futbol qurumlarının tələbini yerinə yetirməyə məhkumdu. Lakin indidən deyə bilərik ki, ortaya ciddi suallar çıxacaq. İkili müqavilələrin mövcud olduğu, tüğyan etdiyi ortamda yaşayırıq. Baqali Dabonun, Hannes Haldorssonun, Lalavele Atakoranın, Marko Deviçin, Əfran İsmayılovun, Andre Klennonun müqavilə dəyərini açıqlamaq bütün klublara başağrı gətirəcək. Çünki bu oyunçular ölkə üçün bir, beynəlxalq qurumlara göndərmək üçün fərqli müqavilələrə imza atıblar.
 
Bütün sənədlər şəffaf şəkildə ictimaiyyətə təqdim olunsa, vergi qalmaqalları da üzə çıxacaq. Bu məsələ təkcə klubların başını ağrıtmayacaq. AFFA da oyunçulara verilən mükafatı haradan təmin etdiyini göstərməlidi. Rüfət Dadaşovun milli komandaya gətirilməsi üçün 1 milyon avronun xərcləndiyi deyilir, amma SOCAR-ın büdcəsindən bu məqsədlə daha böyük vəsait çıxıb. Eddi İsrafilovun məsələsi də oxşardı – futbolçuya verilən və büdcədən çıxan məbləğlər arasında fərqlər var.
 
Bütün bu məsələlər üzə çıxsa, milliyə gətirilən oyunçulara görə “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin nə qədər komissiya haqqı götürdüyü də yazılmalıdı, millilərin toplanışlarına nə qədər xərcləndiyi də. O zaman müqayisələr aparmalı olcağıq. Deyək ki, çarter reysi ilə daha ucuz başa gələn səfərlərin nəyə görə 3-4 şəhəri, hava limanını dolaşmaqla reallaşmasını araşdıracağıq, yersiz maliyyə itkiləri, onların hansı məqsədlərə xidmət etdiyini dəqiqləşdirəcəyik. Həm klublar, həm də millilərin toplanışlara xərclədiyi pullar şəffaf şəkildə açıqlansa, müqayisə etmək imkanlarımız da artacaq. O zaman kimin futbola, kimin cibinə xidmət etdiyi bəlli olacaq.
 
Əla təklifdi və müsbət həllini gözləyirik. Ortada oğurluq yoxdusa, maliyyə şəffaflığı təmin edilməlidi.
 
(davamı olacaq)
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp