AFFA sabah Hakimlər Komitəsinin tərkibini də təsdiq etməlidi. 3 aydı ölkəmizdə gün keçirən yeni sədr Frits Stuxlikin ilk ciddi işidi, nəticə çox maraqlıdı.
 
Məhz bugünkü siyahı çox şeyə aydınlıq gətirəcək. Futbol mütəxəssisləri baş katibin sayəsində küsdürülüb, kənara atılıb. Hakimlik isə spesifik sahədi, ora qohum-qardaş salına bilməz. Ən vacibi odur ki, bu tərkib əsasən FIFA referilərindən ibarət olunmalıdı. Bizdə isə sabiq referilərlə bağlı çox ciddi problem var – əksəriyyət “ləkəli” kimi damğalanıb, indi onları yenidən iş başına gətirmək ölkə çempionatında yeni bazar açmaq demək olacaq.
 
Çox incə məsələdi. Tərkibin açıqlanmasının bu qədər yubanmasının səbəbi də fərqli deyil. Stuxlikin kimlərlə işləyəcəyinə komitə qərar verəcək, deməli, məsuliyyət də onların boynunda qalacaq. Maksimum diqqətli olmaq, namizədlərin hər birinə fərdi yanaşmaq gərəkdi.
 
Adətən ən vacib şeylər “Digər məsələlər” bəndində gizlədilir. Bu, elə bir bənddi ki, ora ən vacib prosesləri də sığışdırmaq olar.
 
Ola bilər ki, komitənin budəfəki iclasında yenə hansısa veterana təqaud kəsilməsi və s. müzakirə olunacaq. Bununla yanaşı, çox istərdik ki, bölgə futbolunun durumunun müzakirəsi, uşaq futbolunda islahatlar, yeni akademiyaların açılması strategiyası, Premyer Liqada klub sayının artırılması da müzakirə olunsun. Klublar Komitəsindəki kimi “tumanın rəngi”ni müəyyənləşdirmək lazım deyil. Qazonu dəyişdirilən Zirə və Sumqayıt stadionlarından fərqli olaraq, “ASK Arena”da təmir işlərinin niyə başlamadığını bilmək də maraqlı olar.
 
Yeri gəlmişkən, AFFA tez-tez UEFA-dan ayrılan maliyyə yardımlarını önə çəkir, bunu Elxan Məmmədovun əlaqələrinin nəticəsi kimi gözə soxur. Məlumat üçün bildirək ki, bizim kimi geridə qalan futbol qurumlarına belə yardımlar tez-tez olur. Və bu digər ölkələr üçün də keçərlidi. Qazaxıstana, Latviyaya, Moldovaya, Gürcüstana da belə yardımlar olursa, deməli, səbəbkar Məmmədov deyil. Ölkəyə valyuta gətirməyin yolunu da Qurbanov göstərib.
 
“Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə görə bu il hər klubumuza yarım milyon avro verildi. Təqribən 7 milyon manatı UEFA xahişlə, minnətlə yox, iş qarşılığında ödədi. Fərq budur. Və katibdən fərqli olaraq, ağdamlılar bunu reklam etmədi, sakit dayandılar.
 
Bütün bu qeydlərimiz İcraiyyə Komitəsinin sabahkı iclası öncəsi real mənzərəni göstərmək üçündü. Ölkə futbolunda durum bu ikən qurum üzvlərinin nəyi müzakirə edəcəyini, nə qərar verəcəyini gözləyirik. Müqayisə aparmaq da maraqlı olacaq.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp