Klublar Komitəsinin son iclasında sədrlik formatından imtina olundu. Tədbirdə iştirak edən klub nümayəndələri yeni sədri seçmədilər, Kamran Quliyevin rəhbərlik müddəti başa çatan kimi sistem də dəyişdi.
 
İlkin açıqlamalara görə, bundan sonra komitə katiblik sistemi ilə idarə olunmalıdı. AFFA ilə komitənin koordinatoru rolunu oynayan Zaur Hacı-Məhərrəmov da havaya gəldi, tələsik müsahibə verdi, gələcək planlardan danışdı. Amma o, bunun Əsasnaməyə zidd olduğunu yaddan çıxartdı.
 
Yanlışı AFFA düzəltdi. Dünən mətbuata xəbər sızdırıldı ki, bu dəyişiklik qəbul olunmur və növbəti iclasda sədr seçilməlidi. Əsasnaməyə əməl olunması üçün bu, mütləqdi. Və elə bu qüsur üzə çıxandan sonra yanlış qərarla yekunlaşan təklifin səbəbkarının adı hallandı. Guya ki, belə olmasını “Qarabağ” rəsmisi Asif Əsgərov istəyib.
 
Ağdamlıların meneceri ilə bu haqda danışdıq: “Təklif deyildi, gördüm ki, hərə bir tərəfə çəkir, mən də fikrimi dedim. Bildirdim ki, orada rəhbər olmaqla olmamağın fərqi yoxdu. Bütün məsələləri katibin həll etməsi haqda fikrimi bildirdim. Sənədləri, təklifləri katib yığsın, biz də yığışıb müzakirə edək. Təklif olmayıb, sadəcə, söhbətin gedişində danışmışam, ümumi müzakirə etmişik”.
 
Əsgərovun dediyinə görə, yeni seçki keçirilməsi heç gündəmdə olmayıb: “Səsverməyə qədər artıq bu məsələ yekunlaşdı. Dedilər ki, görək Əsasnamədə dəyişiklik mümkün olsa, katiblik sisteminə keçərik, olmasa, növbəti iclasda yenidən seçki məsələsinə qayıdarıq. İclasda heç kimin namizədliyi müzakirə də olunmadı, iş seçki keçirilməsinə kimi inkişaf etmədi. Kimsinə seçilməsi məsələsi gündəmə gəlsəydi, avtomatik səsvermə keçiriləcəkdi. Yaxşı ki, ora getmədi, mən də səs ala bilərdim”.
 
Heç kimin sədr olmaq istəmədiyi qondarma qurumun real səviyyəsi budur. Heç bir qərar vermək hüququ olmayan KK-nın bu şəkildə fəaliyyət göstərməsi də lazımsızdı. Qurumun ləğvinə xitam verilməsi daha məqsədəuyğun olardı. İcraiyyə Komitəsinin bugünkü iclası üçün pis mövzu deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp