Milli komandamıza baş məşqçi axtarılır. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra boş qalan post, güman ki, əcnəbiyə tapşırılacaq. Hazırda katiblik namizəd axtarışındadı.
 
Tapşırıq çətindi: millinin qarşısına Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulub. Yuxarı dairələr yalnız bu reallaşacağı halda AFFA rəhbərliyinin 12 ildi dağıtdığı milyardlara göz yuma bilər. Əks halda, hesabat istənəcək, kimlərsə kəndiri boğazına keçirməli olacaq. Belə də olmalıdı. İnkişaf bəhanəsi ilə böyük pullar israf edirsənsə, nəticən də ona uyğun olmalıdı.
 
Bəs, indiki AFFA rəhbərliyini bu vəziyyətdən kim xilas edə bilər? Çətin ki, hansısa əcnəbi buna razı olsun. Hər nə qədər kənardan izləsələr də, ölkə futbolunda potensial hamıya bəllidi. Daim qrup autsayderi olan yığmaya tarixinin ən böyük nəticəsini qazandırmaq çətin məsələdi. İndi qurumun başbilənlərinə illərdi bəslədiyi futbol adamlarının yardımı lazımdı. Kabinet bəyinə çevrilmiş Vaqif Sadıqov, Kazbek Tuayev, İsgəndər Cavadov, Ağaslim Mircavadov və başqaları indiki məqamda boğazdan yuxarı danışdıqlarını meydanda tətbiq etməlidi.
 
AFFA-nın əcnəbi məşqçiyə ehtiyacı yoxdu. Qoy elə bəh-bəhlə yaradılan Məşqçilər Komitəsi çətin missiyanı üzərinə götürsün və nəticə qazanaraq tutduqları posta layiq olduqlarını isbatlasınlar. Axı, onlar məşqçiliyi hamıdan yaxşı bacarır və heç kimi bəyənmirlər…
 
Məşqçilər Komitəsi neçə vaxtdı 3 nəfərdən ibarət idi. Sədr Vaqif Sadıqova müəllimi Ağasəlim Mircavadovla Şakir Qəribov da şərik idi. Birlikdə zaman öldürür, səfərlərə çıxıb könül əyləndirirdilər. İndi isə onlara daha 2 nəfər qoşulub. İcraiyyə Komitəsinin son qərarına əsasən, əvvəllər bu komitədə olmuş Şahin Diniyev və bir müddətdi işsiz olan Yaşar Vahabzadə quruma üzv oldular.
 
Bu “beşlik” müxtəlif vaxtlarda aşağı yaş qruplarından ibarət millilərimizdə çalışıb. Sadıqov, Mircavadov və Diniyev isə əsas millidə də iş başında olub.
 
Vaqif Sadıqov 33, Şahin Diniyev 20, Ağasəlim Mircavadov 9 oyunda millinin “sükançısı” olub. Mircavadov 0 xalla ən unikal göstərici sahibidi, Fransaya 0:10 hesablı məğlubiyyətin məsuliyyəti də onun boynundadı. Lixtenşteynə tarixinin ilk qələbəsini bəxş edən Sadıqov ayrı-ayrı vaxtlarda 3 dəfə bu postu tutub. Hesabında bir neçə ağır məğlubiyyət olan Diniyev isə Qurbanova kimi daimi əsaslarla baş məşqçi olan sonuncu yerli mütəxəssis idi.
 
Tarixdə analoji təcrübə var. Millimizə məşqçilər şurasının, duetlərin rəhbərlik etdiyi zamanlar olub. Bu səbəbdən uğurlu variantdı. Lap Sadıqov baş məşqçi, komitə üzvləri köməkçiləri olsun, əl-ələ verib futbolumuzu xilas etsinlər. Yoxsa ki, danışmağa, arxada iş çevirməyə nə var ki? Bu meydan, bu şeytan!
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp