“Zirə”nin müdafiəçisi Adrian Skarlatake futbolinfo.az saytının suallarını cavablandırıb:

– Son oyunda “Qarabağ”a 0:6 hesabı ilə uduzdunuz. Böyükhesablı məğlubiyyətin səbəbi nədir?
– Biz oyuna 0:3 geri düşdükdən sonra başladıq. Çünki ilk 3 qol çox qəribə idi. Uşaq səhvləri etdik. Halbuki “Qarabağ” kimi komandalarla matçda bunu etməzlər. Onlar ən yaxşı rəqibdi. Həmçinin 4 oyunçumuz yox idi. 6:0 çox böyük hesab oldu. Biz belə məğlubiyyətə layiq deyildik.

– Çempionatın ilk yarısı artıq başa çatdı. “Zirə” üçün çox uğursuz oldu deyə bilərik?
– Əlbəttə ki, pis oldu. Amma baxsaq, 4-cü pillə ilə aramızda cəmi 7 xal fərq var. Bu o qədər də çox deyil. Həmçinin kubokda şansımız var. Biz yarımfinala çıxmalıyıq. Son ildə “Keşlə” ilə kuboku qazandıq və heç kim buna inanmırdı. 2-3 yeni oyunçu ilə komanda çox güclənə bilər. 

– Zədədən sonra özünü yaxşı hiss edirsən?
– Yaxşı hiss edirəm. Düşünürəm ki, komanda “Qəbələ”yə qarşı daha yaxşı oynamışdı. Həmin matçda qalibiyyətə layiq idik. Amma ondan sonra çox pis oyun gəldi. 0:6 uduzduq. 

– Kubokda finala qədər getmək mümkün görünür? Çünki avrokuboklara ən asan yoldu…
– Əlbəttə ki, mümkündü. Əvvəlcə yarımfinala adlamalıyıq. “Səbail”lə oyun o qədər də asan olmayacaq. Mən kubokda uğur qazanacağımıza inanıram. Təkrar kubokun qalibi olmaq istəyirəm.

– Çempionatın ilk yarısından sonra ümumi mənzərəni necə dəyərləndirirsən?
– Düşünürəm ki, bu mövsüm keçən mövsümlərə nisbətən daha yaxşı keçir. Çünki komandaların əksəriyyəti yaxşı futbolçular transfer edib. Həmçinin “Neftçi” 4-5 il əvvəlki kimidi. Amma yenə düşünürəm ki, ən azı 10 komanda yaxşı olar. Çempionat daha gərgin keçər. 

– Səncə, “Neftçi” çempion ola bilər?
– Mümkündü, amma “Qarabağ” da həmişə olduğu kimi çox güclüdü. “Neftçi” üçün çətin olacaq. Düşünürəm ki, çempionatın ikinci yarısı çox maraqlı keçəcək. Səbəb odu ki, yeni transferlər olacaq və komandalar arasında xal fərqi o qədər böyük deyil. Kubokda da sürprizlər gözləməyə dəyər. 

– Hansı komandaları avrokuboklara zonasına düşəcəyini gözləyirsən?
– Bu barədə danışmaq çətindi. “Keşlə”nin ötən il etdiyi sürprizi unutmamaq lazımdır. Bu səbəbdən istənilən klubdan yaxşı nəticə gözləmək olar. 

– Samir Abasov komandanın heyətindən dəfələrlə narazılıq edib…
– Əmin olun ki, bizə yeni oyunçular lazımdı. Bu təkcə legioner olmamalıdı, yerlilərə də ehtiyacımız var. Bundan sonra komanda çox güclənəcək. Çox futbolçu lazım deyil, 2-3 legioner, 2-3 yerli oyunçu. Amma bu futbolçular birbaşa “11-liy”ə daxil olacaq oyunçular olmalıdı. Oyunlarımıza baxsanız, görərsiz ki, matçların əksəriyyətini fərdi səhvlərdən uduzmuşuq. Bu, normal deyil.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp