Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının yeni baş məşqçisinin adı məlum olub.

Futbolinfo.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 millisinin hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi Samir Əliyevə həvalə olunub.

U-19 millisini Vüqar Məmməd çalışdırırdı. Bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov verdiyi açıqlamada bildirmişdi ki, Məmməd postunda qalacaq:

“Vüqar Məmmədin rəhbərlik etdiyi U-19 elit-raunda vəsiqə qazandığı üçün fəaliyyətini davam etdirəcək".

Amma görünür, Elxan Məmmədov Qurban Qurbanovun əsas millidən göndərilməsindən sonra, onun "dəstə"sindən heç kimin yığma komandalarda qalmasına razı olmaq istəməyib.

Shares: