Vaxtilə Azərbaycan yığma komandasının şərəfini qoruyan İspaniyanın “Alkorkon” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov cari mövsümdəki çıxışını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, İspaniyanın məşhur "Marca" nəşrinə danışan futbolçu Sequnda təmsilçisində xoşbəxt olduğunu bildirib:

“Alkorkon" məni bir futbolçu kimi böyüdən komandadı. Böyük inam hissinə sahibəm və meydandakı hər andan zövq alıram. Baş məşqçimiz Kristobal Parraloya mənə verdiyi şansa görə minnətdaram. O, oyunçularla çox yaxındı və hamıdan necə yararlanacağını yaxşı bilir. Oyunu oxumaqda da çox bacarıqlıdı”.

İsrafilov mövsümün ikinci hissəsində işlərinin daha çətin olacağını söyləyib: "Mükəmməl nəticələrimiz oldu. Ancaq mövsümün ikinci hissəsi daha çətin olacaq. Hədəflərimizə baxanda hansı çətinliklərlə qarşılaşacağımızı bilirik. Ancaq bacaracağımıza inanırıq, həmişə iş başında və əzmli olacağıq. Bu isə nəticəni gətirəcək".

26 yaşlı yarımmüdafiəçi "Alkorkon"u karyerasının ən yaxşı komandası adlandırıb: "Müxtəlif təcrübələr yaşadım, bir neçə Sequnda klubunda çıxış etdim, amma "Alkorkon" kimi komandada oynamamışdım. Bu, indiyə qədər oynadığım ən yaxşı komandadı. Azarkeşlər bizi həmişə irəli səsləyir və biz bütün dəstəyi hiss edirik. Təvazökar komandamız var, amma hədəflərimiz böyükdü. Məqsədimiz oyunumuzda stabillik yaratmaqdı. Bunu bacardıqdan sonra başqa bir şey haqda düşünə bilərik".

Qeyd edək ki, bu ilin əvvəlindən "Alkorkon"da çıxış edən İsrafilov cari mövsüm 13 matçda 1 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp