2019-cu ilin gəlişi həm də milli komandalarımız üçün vacib dönəmin startıdı. Tezliklə bütün komandalarımızın “sükan” sahibləri bəlli olacaq və yığmalarla bağlı strategiya açıqlanacaq.
 
U-21-i çalışdırmağa namizəd bəllidi. Yalnız futbolçu karyerası ilə öyünə biləcək Milan Obradoviç Rəşad Sadıqovun böyük işlər görüb getdiyi? Nəticə qazanmağa hazır gənclər millimizə əsas namizəddi. Serbiya 19 yaşlılarında işləmiş bu məşqçiylə danışıqlar yekunlaşıb, AFFA da rəsmən onunla təmasda olduğunu açıqlayıb. İndi qalır İcraiyyə Komitəsinə təqdimatın göndərilməsi və yaxın günlərdə bu qurumun reallaşacaq iclasında təyinatın rəsmiləşməsi.
 
Əsas milli komandayla bağlı danışıqlar məxfi saxlanılır. İtaliyalı, xorvat, ispan məşqçilərlə müəyyən danışıqların aparılması bəllidi. Lakin yekun qərar verilməyib.
 
U-17 ilə də bağlı eyni durumdu. AFFA bir neçə varianta baxır və bu dəfə səhv etməməyə çalışırlar. Çünki əcnəbilərlə müqavilələr birillik olmayacaq, uzun bir dövr üçün risk etmək isə çətindi, bunun hesabatını vermək lazım olacaq. Berti Foqtsun dövründəki pullar yoxdu, həm də indi “yuxarılar” bugünə qədər xərclənən milyonların da hesabatını, deməli, nəticə istəyir. Ona görə də yeni gələn məşqçilərin vaxt istəmək imkanı olmayacaq. Həm də bu reallıq danışıqların uzanmasına səbəb olur.
 
2018-in son günlərindəki təyinat isə sürpriz idi. Elxan Məmmədovun sakitçilikdən, bayramlara görə ictimaiyyətin başının qarışmasından istifadə etdiyini deyə bilərik. AFFA-nın baş katibi az öncə dediklərini unudaraq birdən-birə U-19-da məşqçi dəyişkliyi etdi. Gürcüstandakı ilkin mərhələni uğurla bitirib elit-raunda yüksələn Vüqar Məmmədin postunda saxlanacağı bəyan edilsə də, onunla müqavilənin müddəti uzadılmadı. Halbuki o, buna layiq idi.
 
Xatırlayırsızsa, Vüqar Qurban Qurbanovdan əvvəlki dönəmlərdə də millilərdə çalışmışdı. O, yeni “məşqçilər qrupu”yla birlikdə istefaya da göndərilmədi. Amma görünür elə Qurbanovla birlikdə çalışmağa razılıq verməsi bu dəstəni xoşlamayan baş katibdə qıcıq doğurubmuş. O da fürsət düşən kimi qisasını aldı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp