“Qəbələ” “Neftçi”yə keçən Aqil Məmmədova əvəzedici tapıb. “Qırmızı-qaralar” dünən “Neftçi” ilə ilyarımlıq müqavilə bağlayan sabiq qolkiperini Anar Nəzirovla əvəzləyəcək.
 
Futbolinfo.az xəbər verir ki, “Neftçi” Aqili “Sumqayıt”a göndərilən Rəşad Əzizlinin əvəzinə transfer edib. “Səbail”in qolkiperi Emil Balayevlə danışıqlar nəticə vermədiyindən bakılılar Məmmədovla anlaşmanı rəsmiləşdirməyi lazım bilib.
 
Maraqlıdı ki, bu qapıçı yerdəyişmələri Orxan Sadqlının başında çatlayır. “Sumqayıt”la vidalaşan qolkiper bu “karusel”də “Zirə”nin bəxtinə düşməliydi. Lakin “qartallar” gənc Abdulla Seyidəhmədovla yola davam etməyi lazım bilib. O, əsas qapıçıya çevrilən Kamal Bayramovun əvəzedicisi olacaq. Belədə 3-cü qolkiperə gərək duyulmayacaq, büdcə digər oyunçuların alışına yönəldiləcək.
 
“Zirə”nin 33 yaşlı kapitanının Qəbələyə yollanma səbəbi bəlli deyil. Güman ki, Nəzirov daha yaxşı maaş müqabilində Dmitri Bezotosnının əvəzedicisi olmağa razılaşıb. 2012-2015-ci illərdə də “Qəbələ”də oynamış Anar son 3 ili “Zirə”də keçirmişdi.
 
Sadıqlıya gəlincə, “Keşlə” yayda “Sumqayıt”a icarəyə göndərdiyi əlcək sahibinə yiyə durmaq istəmir. Kamran Ağayevlə Davud Kərimi mövsümü başa vurmaq üçün komandaya kifayət edir. Aylıq 8 min manat maaş alan Orxan rəhbərliyin təkidinə baxmayaraq, əsas heyət oyunçusu olmaq üçün paytaxtdan ayrılmış, lakin Mehdi Cənnətovun kölgəsində qalmışdı. İndi isə o, çətin durumda qalıb – “Keşlə” ehtiyat qapıçya böyük pul ödəmək istəmir, Sadıqlı isə özünə sərfəli iş yeri tapa bilmir. Yalnız “Səbail” Balayevə ehtiyat birini axtarır, Orxanın yüksək əməkhaqqı tələbi isə keçidi tormozlayır.
 
Kəsəsi, qapıçı yerdəyişmələri sonucunda hələlik Orxan ofsaydda qalıb. Komanda sayı az, Sadıqlının maaş tələbi bacarığıyla müqayisədə çox yüksəkdi.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp