Topaz Premyer Liqasının cari mövsümünün 2-ci yarısında mübarizə daha amansız olacaq. “Neftçi”ylə “Qarabağ”ın çempionluq uğrunda yarışacağı heç kimdə şübhə doğurmur. Bakılılar bir addım öndə olsa da, bu, hələ onların qızıl medallara əsas iddiaçı olduğunu deməyə əsas vermir.
 
Ölkə kubokundan gözlənilmədən kənar qalan “Neftçi”nin daxili problemləri fasilə ərəfəsində ortaya çıxdı. Heyət yetərsizliyi, baş məşqçi Roberto Bordinin vacib anlarda komandanı toparlaya bilməməsi rəqibini ümidləndirdi. “Qarabağ”ın başı Avropa Liqasına qarışdığından, italiyalı mütəxəssis rəqiblə xal fərqini açmağa borclu idi. Lakin gözlənilməz xal itkiləri, xüsusilə evdə “Zirə” və “Sumqayıt”a bağışlanan xallar zirvədə intriqanın azalmasına imkan vermədi.
 
İndi “Qarabağ” da güclənəcək. Büdcə sıxıntısı çəkən “Neftçi” həm də heyəti qismən yeniləməli olduğundan daha çətin durumdaymış kimi görünür. Yay transferlərinin özünü doğrultmaması üzündən yeni futbolçular alınmalı və ona kimi bəzi legionerlər göndərilməlidi. Bu isə 3-4-cü dövrələrdə əlavə problem yarada bilər.
 
“Qarabağ” da yeni oyunçular alaraq gücünə güc qatmalıdı. Mövcud, oturuşmuş heyətə əlavələr edilməsi ilə komanda da güclü olacaq. Avropa macərasının bitdiyini nəzərə alsaq, bütün diqqət çempionluq yarışına yönəldiləcək. Lakin burada təkcə əyani və qiyabi duellər həlledici olmayacaq, gözlənilməz sürprizlər də mübarizənin axarına təsir edə bilər.
 
Ölkə kubokunda 2 sürpriz komandanın yarımfinalda, deməli, birinin finalda olacağını nəzərə alsaq, titul “Qarabağ”dan başqasına da qismət ola bilər. Bu isə avrokuboklara vəsiqələrin bölüşdürülməsindəki mənzərəni dəyişər. Çempionatda ilk dördlüyə düşmək üçün gərgin rəqabət olacaq.
 
Ən maraqlısı odur ki, 2-3 turdan sonra hətta sonuncu pillədəki komanda da özünü avrokubok zonasına sala bilər. Bu səbəbdən qitəyə vəsiqələrin bölüşdürülməsi uğrunda mübarizədə kimin şanslı olduğunu indidən demək olmur. “Zirə”, “Keşlə” bir andaca “Sumqayıt”, “Qəbələ” və ya “Səbail”i ötə bilər. “Sabah”ın avrokuboklara getmək şansı olmadığından, tutacaqları yer yalnız özlərinə maraqlıdı. Bununla belə, məhz debütant qitəyə vəsiqələrin bölüşdürülməsində mühüm rol oynaya bilər. Onlarla oyunlarda büdrəyənin işi yaxşı olmayacaq.
 
Ən amansız mübarizə sonuncu pilləni tutmamaq üçün olacaq. Və burada vəziyyət elədi ki, hamı autsayderə çevrilə bilər. Elə avrokuboklara düşmək istəyənlər də 3-cü dövrənin nəticələrindən asılı olaraq, bir anda canıyla əlləşə bilər. Lakin burada bir vacib məqam. O da yeni mövsümdə Premyer Liqada iştirak edəcək komandaların sayı ilə bağlıdı. AFFA İcraiyyə Komitəsi, konfrans indidən yeni mövsümdə neçə komandanın oynayacağını açıqlamalıdı.Mayda, iyunda sonuncu pillənin kimliyindən asılı olaraq, qərar veriləcəksə, bu, doğru olmayacaq.
 
Əmin olun ki, “Zirə” sonuncu pilləni tutsa, hətta elitada komanda sayı artacağı təqdirdə də, aşağı dəstəyə göndəriləcək, onu 3 və ya 5 komanda əvəz edəcək. “Sabah”la bağlı durum da eynidi, assosiasiya bu kluba maliyyə ayırsa da, idarəetməsinə barmaq edə bilmir. Yox, baş katib Elxan Məmmədovu dostu kimi qələmə verən Zaur Axundovun “Keşlə”si və ya AFFA-nın maliyyələşdirdiyi “Sumqayıt”, eləcə də ailə komandası “Səbail” 8-ci olsa, o zaman Premyer Liqanı tərk edən olmayacaq, əvəzində 4 və ya 4 komanda yuxarı gələcək.
 
Bütün bu söz-söhbətlərin yaranmaması üçün AFFA niyyətinin təmizliyini göstərməli, indidən mövsümün sonunda hansı qaydaların işləyəcəyini bəyan etməlidi.
 
AĞA
Shares: