Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul klubu “Trabzonspor”un hücumçusu Burak Yılmazla anlaşıb. 

Türkiyə mətbuatının yazdığına görə, uzun müddət idi 33 yaşlı sabiq forvardını geri qaytarmaq istəyən “Beşiktaş” nəhayət, bu istəyinə çatıb. 

Tərəflər tezliklə 2,5 illik müqaviləyə imza atacaqlar. “Beşiktaş” bu transfer qarşılığında Trabzon klubuna 1 milyon avro təzminat ödəyəcək. Futbolçunun özü isə ilinə 2,5 milyon avro qazanacaq.

Burak ilk dəfə “Beşiktaş”a 2006-cı ildə “Antalyaspor”dan gəlib. Lakin 2007/08 mövsümünün fasiləsində, 2008-ci ilin yanvar ayında Filip Holosko qarşılığında “Manisaspor”a verilən futbolçu 11 ildən sonra yenidən bu kluba qayıdır.

Son 1,5 mövsümü “Trabzonspor”da keçirən Burak 32 oyuna çıxıb, 28 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp