“Sabah”ın yeni transferi Təmkin Xəlilzadənin futbolinfo.az saytına müsahibəsi:

– “Sabah”la müqavilə imzalamağın bir az gözlənilməz oldu…
– “Qəbələ”dən ayrılıb “Sabah”a keçidim həqiqətən gözlənilməz oldu. Amma bu addımı sırf ailə vəziyyətimə görə atdım. Bir aydan sonra ata olacağam. Belə vəziyyətdə Qəbələyə gedib-gəlmək mənə çətinlik yaradırdı. Ailəmin burda olmağı məni istər-istəməz narahat edirdi. Mən bir futbolçudan əlavə həm də ailə başçısıyam. Seçimimi də ona görə etdim.

– Sənin transferin üçün müəyyən ödəniş olduğu deyilir.
– Bu, klublararası danışıqdı. Bundan mənim xəbərim yoxdu.

– “Qəbələ”nin səni heyətində borclarına görə, problemlərindən bezidiynə görə saxlamadığı haqqında yazılar var…
– Çox mənasız iddiadı. Amma nə etmək olar ki, ağzı olan danışır. Şükürlər olsun ki, Azərbaycanda kifayət qədər tanınan futbolçuyam, milli komandaya dəvət alıram. Bu da o deməkdi ki, normal məvacibim var. Niyə mənim borcum olmalıdı? (gülür). Hansı məntiqlə düşünmək olar ki, məni “Qəbələ” heyətində saxlamaq istəməyib? İstəməyən komanda məni bir mövsüm hər oyun 90 dəqiqə meydanda saxlayar? Açıq başla futbol oynamamışamsa, necə olur ki, qol ötürmələri vermişəm? Yaxud PFL-in rəmzi “11-liy”inə 1 yox, 3 dəfə düşmüşəm? Onu da qeyd edim ki, milli komandada qol vurub Millətlər Liqasında komandamızın ilk qoluna imza atmışam. Milli komandanın maaş kartı özümdədi. Heç kim narahat olmasın. “Zirə”dən ayrılanda da belə söhbətlər var idi, yalan danışırdılar. Həmin vaxt “Qəbələ”nin köklü, iddialı klub olduğunu düşünüb təklifi qəbul etdim. Ümumiyyətlə, bizdə bar verən ağacı daşlamaq adətdi. Bu söhbətləri eşidəndə sadəcə, gülüb keçirəm.

– “Sabah”ın avrokuboklara gedə bilməməsi səni narahat etmir? Ən azı “Qəbələ” ilə belə şansın var idi…
– Bu il olmasa da, gələn il mütləq avrokuboklara vəsiqə qazanacağımıza inanıram. Tam əminəm və buna görə narahat deyiləm.

– “Qəbələ”dən özün getmək istədin?
– Açığı, orada qalmaq istəyirdim. Orada xoşbəxt idim, amma ortada ailə faktoru var. Seçim edərkən ailəmi də düşünməli idim. Buna görə belə qərar verdim.

– “Sabah”ın uğurlu çıxışını davam etdirəcəyini düşünürsən?
– Burdakı planlar, iddialar adamı sevindirir. Gələn il komanda daha iddialı olacaq, hətta çempionluq üçün də oynaya bilər. Buna görə də daha çox çalışmaq lazımdır.

AĞA

Shares: