Hamı Antalyaya gedir. Klublarımız bir neçə il öncəki fantastik büdcələrə sahib olmasalar da, maliyyə sabitliyinə nail olublar. İndi hamının ölkə xaricinə çıxmaq imkanı var.
Fevralın 2-də mövsümün ikinci yarısına start veriləcək. Həmin müddətə kimi hazırlıq keçmək üçün tam bir ay var. Və klublar qardaş Türkiyənin müxtəlif şəhərlərində qılınc itiləyəcəklər.
İlk olaraq “Sabah”ın üz tutduğu Antalya bölgəsinə karvan yollanacaq. Debütant dünəndən Türkiyədədisə, digərləri toplanışa plkə daxilində başlayacaq. Əslində, “Sabah” da əlavə xərcə düşməkdənsə, heç olmasa, ilk həftəni Bakıda keçirmək istərdi. Lakin paytaxtda bir sıra çətinliklər mövcuddu, meydança çatışmazlığı var, olanların da icarə haqqı Türkiyəylə müqayisədə sərfəli deyil. Bu səbəbdən “Sabah” hər şeyi qonşu ölkədə başlamağa qərar verib.
NEFTÇİ
Yanvarın 13-də Türkiyəyə gedib, 2 həftə hazırlıq keçəcək bakılılar “Sense De Luxe” otelində qalacaq. “Ağ-qaralar” yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan”la (Liberets, Çexiya) yoxlama matçı keçirəcək. Planlaşdırılan daha bir sınaq görüşü üçün hələ rəqib tapılmayıb.
QARABAĞ
Həmişəki kimi "IC Santai" otelində məskən salacaq ağdamlılar yanvarın 6-da ölkəni tərk edir. 24-dək Yürkiyədə hazırlaşacaq komanda yanvarın 12-də Rumıniyanın “Botoşani”, 16-da Özbəkistanın “Paxtakor”, yanvarın 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Pyast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq. Xüsusilə son rəqibin güclü seçilməsi 3-cü dövrənin ilk turunda “Neftçi” ilə oyuna hesablanıb. Yəqin ki, bakılıların indiyədək son rəqibi müəyyən etməməsinin də səbəbi budur – onlar da güclü sparrinq axtarır.
SƏBAİL
Mövsümün ilk yarısını liderlər qrupunda başa vuran “dənizçilər” avrokuboka düşmək üçün çox çalışmalıdı. Qışda hamı güclənəcək və mübarizə daha gərgin keçəcək. Geri qalmaq istəməyən “Səbail” yanvarın 12-də səfərə çıxır. 2 həftə “Miracle” otelində məskən salacaq bakılılar yanvarın 15-də ikinci divizion təmsilçisi “Aqvital” (Macarıstan), 21-də “Kaysar” (Qazaxıstan), 24-də isə “Desna”yla (Ukrayna) qarşılaşacaq.
SABAH
Srağagündən “Titanik” otelində qərarlaşan debütant tam 3 həftəni burada keçirəcək. Yanvarın 16-da Qazaxısatan “Tobol”uyla oyuna kimi sınaq matçı nəzərdə tutulmayıb. 3 gün sonra MTK (Macarıstan) ilə üz-üzə gələcək bakılılar daha 2 oyun istəyir. Lakin nə rəqiblər bəllidi, nə də dəqiq tarixlər.
QƏBƏLƏ
Yanvarın 13-də ölkəni tərk edəcək “qırçızı-qaralar” da 2 həftəlik plan hazırlayıb. “Gloria Serenity” otelini məskən süçən komanda sınaqlara ayın 16-da Almaniyanın “Meppen” klubu ilə başlayacaq. 3-cü bundesliqa klubunun ardınca, yanvarın 20-də və 24-də Rusiya klubları rəqib olacaq – öncə “Yenisey”, ardınca “Fakel”. 26-da Macarıstan MTK-sı ilə görüşün ardınca təmsilçimiz vətənə qayıdacaq.
SUMQAYIT
Ümumilikdə 5 klubumuz vətəni nəhs gündə – yanvarın 13-də tərk edəcək və onlardan da biri “Sumqayıt”dı. “Qarabağ”la birlikdə "IC Santai"də qərar tutacaq komanda 2 həftəlik hazırlıq müddətində 4 sınağa çıxmalıdı. Amma indiyədək onlardan heç birinin adına aydınlıq gəlməyib. Klub rəhbərliyi ya bayramı yekunlaşdıra bilmir, ya da klubdan daha vacib olan işlərlə məşğuldular.
KEŞLƏ
Yanvarin 13-dən 26-dək "Kaya Riu" otelində məskən salacaq bakılılar 3 rəqib seçib. Ayın 17-də "Okjetpes" (Qazaxıstan), 23-də "Konkordiya" (Rumıniya), 25-də "Çertanovo" (Rusiya) ilə üz-üzə gələcək komandanın planı xeyli öncədən bəlli idi. Amma son matçın 3-cü divizion təmsilçisinə qarşı keçirilməsi bir az müəmmalıdı. Ən yaxşısını məşqçilər korpusu bilər.
ZİRƏ
13-27 yanvar aralığını “Alva Donna” otelində keçirəcək autsayder hələlik 2 rəqib seçib. Komanda ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq. Baş məşqçi Samir Abasov ümumilikdə 4 matç istəyir, lakin digərləri ilə bağlı məlumat yoxdu.
FƏRİD