Tarixi stadionlarımız ləğv edilə bilər. Bu gün diqqət göstərilməyən 2 arenanın sökülməsi mümkündü.
 
Ötən həftə milli komandamızın Avro-2020-nin seçmə mərhələsi çərçivəsində 2 ev oyununun yeri dəyişdirildi. Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyimiz oyunlar “Bakcell Arena”ya köçürüldü.
 
Daha öncə BOS-da keçirilməsi müəyyənləşdirilən oyunların yerinin dəyişdirilməsi üzrlü səbəbdəndi və başadüşüləndi. Əslində, bu oyunların bura salınması elə əvvəldən səhv addım idi. 65 minlik arenanın heç 10 faizi dolmayacaq və narahat Olimpiya stadionu azarkeşlərin sevimli məkanı deyil. Bu qərarı verənlər sanki millinin dəstəksiz qoymağı, azarkeşləri yığmadan uzaq saxlamağı bilərəkdən istəyir.
 
Amma səhərin mərkəzində, daha rahat, daha çox tamaşaçı tutumuna malik Respublika stadionu varkən, niyə “Bakcell Arena”? 65 mindən 11 minə “düşməkdənsə”, 32 min tamaşaçı tutumu olan Tofiq Bəhramov adına idman qurğusunda oynamaq məntiqli deyilmi?
 
Bu, həm də zamanın tələbidi. Avro-2020-də final mərhələsinin bir qrupunun oyunlarını qəbul edəcəyik. Həmin matçlar üçün BOS seçilsə də, ehtiyat stadion göstərilməlidi. Və belə yarış üçün mütləq böyük azarkeş tutumu olan arena sifariş edilməlidi. Və yenə də ehtiyat tədbiri olaraq, BOS-la yanaşı Respublika stadionuna da diqqət göstərilməlidi. Amma AFFA-nın baş katibi Elxan Məmmədovu başqa maraqlar düşündürür.
 
Təbii ki, AFFA bu məsələdə maliyyəni əsas götürür. Respublika stadionu AGİN-in balansındadı və orada oyun keçirmək üçün yüksək məbləğ ödəmək lazımdı. “Bakcell Arena” isə assosiasiyanın özünündü və maddi cəhətdən daha sərfəlidi. Bu səbəbdən seçim başadüşüləndi. Lakin Respublika stadionu da bu ölkənin əmlakıdı, boş-boşuna qalması ancaq büdcənin dağıdılmasına səbəb olur, onun xərclərinin bir qismini çıxarması üçün arada yada salınmalı, bəzi oyunlar burada keçirilməlidi. İndiki halda isə bu, vacibdi. Avro-2020 üçün ehtiyat variant kimi Respublika stadionu unudula bilməz.
 
Təbii ki, söhbət təkcə icarə haqqından getmir. “Qarabağ”ın Avroliqa oyunları zamanı da klubun məcburən BOS-a göndərilməsi çoxdan dolaşan şaiyələrin reallığa oxşadığını göstərir.
 
Belə ki, Respublika stadionu bilərəkdən unutdurulur, futbol oyunlarından kənar saxlanılır. Bildiyimizə görə, çox geniş ərazisi olan bu məkanda kimlərinsə gözü var və bu arenanı ümumiyyətlə, ləğv etməyə çalışırlar. Yerində göydələnlər, ticarət mərkəzləri, qazanc gətirən digər obyektlər tikməyi planlaşdırırlar. Bakıda ən qiymətli yerdə olması üzündəndi ki, çoxdan bura başqa nəzərlər dikilib. Və indi bu arenanın uzun müddət boş qalmasını, yersiz xərcə səbəb olmasını isbatlamağa cəhd edirlər. Mövcud imkanlardan istifadə etməməklə, başqa istiqamətlər seçilməklə…
 
Eyni proses Sumqayıtda da gedir. “KapitalBank Arena”nın böyüdülməsi, təmir edilməsi təsadüfi deyil. 30 metr kənardakı Mehdi Hüseynzadə adına stadion baxımsızlıqdan əziyyət çəkir, əvəzində kiçik tutumlu stadiona diqqət edilir. Orada da oxşar vəziyyətdi, hətta şəhər icra hakimiyyətinin balansında olan bu arenanın yerininin hərraca çıxaracağı deyilir. Təbii ki, stadionun alıcıları onun profilini dəyişib, daha qazanclı planlarını reallaşdıracaq.
 
Ölkənin 2 tarixi stadionunun futboldakı bütün proseslərdən kənar saxlanmasının əsas səbəbi budur. Xüsusilə Respublika stadionuyla bağlı planlar belədi. Şəhərin mərkəzindən kənardakı idman qurğularına daha çox diqqət ayrılır, mərkəz süni şəkildə gözdən çıxarılır, boşaldılır. Heç kimi futbol düşündürmür, hamı qazanc güdür.
 
Taleyin ironiyasına bax ki, həmin Macarıstan və Slovakiya ilə indiyəqədərki ev oyunlarımızı məhz “Tofiq Bəhramov”da keçirmiş, hətta sonuncular üzərində tarixi qələbə qazanmışıq. İndikilər isə özlərinin yaza bilmədiyi bütün tarixləri silmək istəyirlər. Həm də yenisini yaza bilmədikləri üçün…
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp