“Keşlə”nin sabiq hücumçusu Bahodir Nasimov son müsahibəsi ilə yenə aranı qarışdırdı. Özbəkistan mətbuatına danışan oyunçu ölkəmizdə başına gələnləri nəql etməklə gündəmə düşdü.
Onun Bakı klubunun Müşahidə Şurasının sədri Zaur Axundov haqda dedikləri daha maraqlı idi. Bahodir onun məşqçilətin işinə qarışdığını, heyəti müəyyənləşdirdiyini demişdi.
Bu müsahibə bizim mətbuatda işıqlandırılan kimi “Keşlə”də çaxnaşma başladı. Həm klubdan bir sıra insanlar, həm də Nasimovun ölkəmizə gəlişində rol oynayanlar hücumçunun belə demədiyini, Özbəkistan mətbuatının səhv məlumat verdiyini sübut etməyə çalışdı. Vahodirin yeni səs yazıları, belə müsahibə vermədiyinə dair fikirləri redaksiyalara göndərildi.
Təbii ki, bütün bunlar məqsədli idi. Axundov 5 oyuna çıxıb 5 qol vurmayan, amma ayda 5 min dollar maaş verdiyi oyunçudan hesabat istəmişdi. Onu ölkəmizə gətirən menecer də bu klubla əməkdaşlığa davam etdirmək üçün təcili Bahodirlə əlaqə saxlayaraq, səhvi düzəltməyini istəmişdi. Axı, Zaur bəyin qəzəbinə gəlmək, bir də bu kluba yaxın düşməmək demək idi.
Təbii ki, Bahodirin sözlərini danması xoş deyil. Onun “Heç buna bənzər ifadə də işlətməmişəm. Bu, jurnalistin təxəyyülünün məhsuludu” deməsi yalandı. Özbəkistanda Axundovu haradan tanıyırlar ki, onun haqqında belə cümlələr yazsınlar. Və ya niyə başqa ifadə yox, məhz hamımıza bəlli olan həqiqətlər qələmə alınıb? Deməli, Nasimov danışıb və olanları deyib. Kiminsə menecer maraqları üçün öz həmkarlarımızı təkzib etmək fikrimiz yoxdu. Yalandısa, qoy elə müsahibənin getdiyi həmin saytda təkzib verilsin, üzr istəsinlər, biz də inanaq.
Axı, Yuri Maksimov da baş məşqçi postunda olarkən, elə bu kimi məqamları qabardırdı. İndi hamı yalan danışır?