“Keşlə”dən hər gün yeni xəbər gəlir. Bərbad mövsüm keçirən klubda işlərin nəzarətdən çıxdığı deyilir.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə,klubun ciddi maliyyə problemləri var. Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib, lakin problemlər bununla bitmir.
“Sportinfo”nun yazdığına görə, SOCAR-ın audit komissiyası klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, rəhbərlikdən xərclənən pulların hesabatları soruşulur. Bundan başqa, transferlərə gedən pullar da araşdırılır. Eyni zamanda mətbuatda Vergilər Nazirliyinin də yoxlama apardığı yazıldı. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovsa “Qafqazinfo” ilə əlaqə saxlayaraq klubda yoxlamaların olmasını təsdiq edib: “Klubda aparılan yoxlamalar Vergilər Nazirliyi deyil, AFFA-nın daxili auditorları tərəfindən aparılır. Bu da Premyer Liqanın bütün klublarına aiddir. Heç bir problem də aşkarlanmayıb”.
“Heç bir problem aşkarlanmayıb” deyərkən… Bu, artıq bəsdi! Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin son iclasında iştirakı sual altında idi. Məhz maliyyə təftişindən çıxan nəticələrdən dolayı. Amma o, SOCAR-ın inzibati binasında keçirilən toplantıya qatldı və burdan başa düşmək olardı ki, Axundov proseslərin gedişatını istədiyi məcraya yönəldə bilib.
Necə? Yenə “Sportinfo”ya istinad edərək yazaq ki, “Keşlə”də rəhbər dəyişikliyi realdı. Bu mənada qarşıdakı ay bir çox suallara aydınlıq gətirəcək. Martda AFFA-nın Növbəti Hesabat Konfransı keçiriləcək və güman olunur ki, neft şirkətindən maliyyələşən klubların bəzisinin rəhbərliyində islahatlar aparılacaq. “Keşlə”nin də bu siyahıya daxil edildiyi bildirilir. Axundovun MŞ sədri postundan Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə atılmasını istəyən tərəfdarları da, ümumiyyətlə, futboldan uzaqlaşdırılmasına çalışan əleyhdarları da.
Son məlumat bundan ibarətdi ki, “Keşlə”nin başına keçməyə layiq namizədlərin siyahısı hazırlanır. Himayədarlar elə birisini seçmək niyyətindədi ki, bir az keçmiş peşmançılıq hissi yaşamasınlar.
Zaur bəyin başına gələn son hadisələr çox adamın gözünü qorxudub. Onun yoxlamalardan “yaxşı çıxmadığı” deyilir.