"2004-cü ildə Dmitri Nejelevlə birlikdə "Xəzər Lənkəran"a keçdik. O, orda çox oynamadı. Təəssüf ki, indi bir-birimizi nadir hallarda görürük" – bunu "Xəzər Lənkəran"ın sabiq qapıçısı Aleksandr Martyoşkin deyib.
Hazırda ölkəsi Belarusda uşaq futbol komandasında qapıçı məşqçisi kimi fəaliyyət göstərən 49 yaşlı mütəxəssis Rusiya mətbuatına geniş müsahibə verib. Futbolçu karyerasını vərəqləyən Martyoşkin 2004-05-ci illərdə formasını geyindiyi "Xəzər Lənkəran"ı da xatırlayıb: "2004-cü ildə "Xəzər Lənkəran"dan çox maraqlı təklif gəldi. Mən maliyyə tərəfdən danışmıram. O illərdə Azərbaycan futbolu ətrafında fantastik ajiotaj var idi. Ordakı bu cür həyəcanı yalnız Türkiyədə görmək olardı. Komandamız Bakıdan xeyli uzaqlıqda məskunlaşmışdı. Amma paytaxtda olduğum zaman, demək olar ki, hamı məni tanıyırdı. Yerli KİV-də – qəzetlərdə, radioda olan futbola diqqət insanları cəlb edirdi. 2004-05 mövsümündə "Xəzər Lənkəran"la "Neftçi" arasında "Qızıl oyun" keçirildi. Bu, böyük Azərbaycan futbolu idi. 1:2 hesabı ilə məğlub olduq. Əla heyətimiz olduğundan, bu yenilgi bizi çox məyus etdi. Növbəti mövsüm yerli assosiasiya əcnəbi limitini məhdudlaşdırdı. 5 əcnəbi əvəzinə meydana cəmi 3 əcnəbi çıxmalı idi. "Xəzər Lənkəran"da da baş məşqçi dəyişikliyi oldu. Yeni gələn məşqçi isə öz qapıçısını – azərbaycanlını gətirdi. Mən də ehtiyatda oturmamaq üçün Belarusa qayıtdım".
Martyoşkin karyerası ərzində gördüyü ən yaxşı azarkeşlərin də "Xəzər Lənkəran" fanatları olduğunu vurğulayıb: "Lənkəranlı fanatları yalnız xoş xatirələrlə yadımdadı. "Xəzər Lənkəran"da olanda səfər oyunlarımıza müntəzəm olaraq 10-12 avtobus dolu azarkeşimiz gedirdi. Həm evdə, həm də səfərdə bizə yüksək səviyyədə dəstək olurdular. Azərbaycanda futbol çox sevilir. Təkcə məşqlərimizə bir neçə min azarkeş gələrdi".
Martyoşkin 2005-06 mövsümündə "Xəzər Lənkəran"ın avrokuboklardakı debütünü də xatırlayıb: "UEFA Kubokunun I təsnifat mərhələsində "Nistru" ilə qarşılaşanda Moldova klubunun gücünü yüksək qiymətləndirdik. Uşaqlara xəbərdarlıq etdim ki, "Nistru" güclü komandadı. Çünki əvvəllər Soliqorsk "Şaxtyor"unda olarkən onlara qarşı oynamışdım. Nəticədə səfərdə 1:3 hesabı ilə məğlub olduq. Evdə qələbə üçün yaxşı imkanlarımız olmasına baxmayaraq, bu dəfə 1:2 hesabı ilə uduzduq. Mən "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra komanda ölkə çempionu oldu, avrokuboklarda çıxış etdi. Ancaq bir neçə il əvvəl fəaliyyətini dayandırdı. Ordan ayrıldıqdan bir az sonra isə məşqçiliyə başladım".